"BakuBus"da yoxa çıxan 303 avtobusun hesabı sorulacaqmı?
!["BakuBus"da yoxa çıxan 303 avtobusun hesabı sorulacaqmı? "BakuBus"da yoxa çıxan 303 avtobusun hesabı sorulacaqmı?](/uploads/posts/2022-10/1665039787_1665037916_0001.jpg)
Yəni indiyədək 80 milyon manat vəsait hesabına alınan avtobusların 25 faizi istismara yararsız hala gətirilib. Acınacaqlısı isə odur ki, onları təmir etmək də mümkün deyil.
2015-ci ildə dövlət tərəfindən alınan 715 avtobusun 303-ü sıradan çıxıbsa, yerdə 412 avtobus qalır. Həmin avtobusların isə gündəlik 100-120 ədədi xəttə buraxılmır. Hansı səbəbdən buraxılmadığı da məlum deyil. Məsələ burasındadır ki, aidiyyəti qurumlar zəhmət çəkib nə yoxa çıxan, nə xəttə buraxılmayan avtobusları araşdırır, nə də qanunsuz addımın qarşısı alınır. Deməli burada qaranlıq məqamlar və qüsurlar var. Qəbul edilməyən isə sərnişinlərə bilərəkdən problem yaradılması və onlara etinasız münasibətdir.
Onu da qeyd edək ki, son vaxtlar BNA “BakuBus”la bağlı heç bir prosesə müdaxilə etmir. Halbuki Hesablama Palatasının araşdırıb ortaya çıxardığı məsələdə birbaşa BNA ittiham olunur.
Qurumun başqa bir məsələdə də adı çəkilir.
Bu günlərdə Bakı Nəqliyyat Agentliyinin İdarə heyətinin sədrinin müşaviri Faiq Abbasov dövlətin daşıyıcı şirkətlər üçün ayırdığı 7,5 milyon manatın “Bakubus” MMC-yə ayrıldığını bildirib. Nazirlər Kabinetinin müvafiq qərarında 7,5 milyon manatın BNA vasitəsilə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şirkətlərə ödənilməsi tapşırılıb. Lakin vəsaitin hamısını BNA həmin vaxt öz tərkibində olan “Bakubus” MMC-yə köçürüb.
Qeyd edək ki, Bizim.Media iki həftəyə yaxındır ki, “BakuBus” MMC-yə məsələlərlə bağlı rəsmi sorğu göndərib. Qurumun mətbuat katibi Qabil Babayev sorğulara rəsmi email ünvanından cavab veriləcəyini desə də, suallarımız cavabsız qalıb.
Ümid edirik ki, avtobuslarının sayını azaldıb vətəndaşları narazı salan “Bakubus” məsələyə aydınlıq gətirəcək.
Bizim.Media
661 dəfə oxundu