Bakıda taksilərin sayı azaldılacaq - RƏSMİ

Bakıda taksilərin sayı azaldılacaq - Azərbaycanda aşağı gəlirlə işləyən insanlara daha bir zərbə olan qərar qəbul edildi. Paytaxtda taksilərin sayına limit tətbiq ediləcək. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin say həddi 25 000 (iyirmi beş min) müəyyən edilib.
Ötən il (2024-cü ildə) isə bu rəqəm 40 000 icazə idi.
Noyabrın 1-dən 15 min azalma ilə cəmi 25 min taksi sərnişindaşınmada işitrak edəcək.
Rəsmi məlumatlara əsasən hazırda Bakıda 40 min taksi-nəqliyyat vasitəsi var.
Bildirilir ki, Baş Nazirin imzaladığı bu qərar Rəqabət Məcəlləsinə, “Lisenziyalar və icazələr haqqında” və “Avtomobil nəqliyyatı haqqında” qanunlara uyğun olaraq və müraciət zamanı növbəlilik nəzərə alınmaqla verilib.
Məlumata əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi say həddinə dair təkliflərini hər təqvim ili avqustun 1-dək Nazirlər Kabinetinə təqdim etməlidir. Yəni hər ilin avqustun 1-ə qədər artıq icazələr verilib yekunlaşacaq.
Bu Qərar 2025-ci il noyabrın 1-dən qüvvəyə minir.
Hazırda Bakıda 40 min taksi olduğunu nəzərə alsaq bu, yeni qaydalarla 15 min avtomobilin taksi kimi işləməsi qadağan olunacaq deməkdir. Bu eyni zamanda 15 min insanın iş yerini itirməsi deməkdir.
Bu eyni zamanda 15 min nəqliyyat vasitəsinin istismardan kənarlaşdırılması və əksəriyyətinin də kredit və lizinqdə olduğunu nəzərə alsaq azı 15 min problemli kreditin yaranması deməkdir. Eyni zamanda limitin tətbiq edilməsi həm də o deməkdir ki, taksi xidmətləri üzrə qiymətlər bahalaşacaq .
Hazırda Bakı şəhərində yüzlərlə taksi parkı var ki, onlar rəsmən qeydiyyatdan keçiblər. UBER, BOLT, Yanqo ilə əməkdaşlıq əsasında orta sahibkarlar iş adamları bu sahəyə investitsiya yatırıblar. Onlar vergi ödəyicisi olmaqla yanaşı, eyni zamanda ölkənin avtomobil parkının da gəncləşməsinə ciddi töhvə verirlər. Müvafiq tələblərə əsasən taksi parklarının sahibləri yeni avtomobillər alırdılar. Hətta hazırda ölkəyə idxal edilmək üzrə olan və yolda minlərlə yeni avtomobillər (əsasən Çin avtomobilləri) var.
Azərbaycanda taksilərlə bağlı say limitinin tətbiq edilməsi avtomobil bazarında da ciddi ucuzlaşmaya səbəb olacaq. Çünki xəttən çıxarılan avtomobillərin mütəmadi olaraq kredit və lizinqini ödəyə bilməyən işsiz qalan taksi sahibləri onları satmağa üstünlük verəcəklər.
Beləliklə də bu qərar ölkə minlərlə insanın sabit gəlirlərinin itirilməsinə, ödənilən kreditlərin gecikməsinə, taksi qiymətlərinin bahalaşmasına və maşın bazarında kəskin ucuzlaşmanın baş verməsinə səbəb olacaq.

EconomX Analitik Mərkəz



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
23 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...