Bir qrup vətəndaş "Faktor-Lizinq" MMC-dən şikayətçidir. Kanal21-ə müraciət edən şikayətçilərin sözlərinə görə, şirkət rəhbəri Ehtiram Alıyev onların əmlaklarını ələ keçirib, indi də təhdid edir. Siyaset.info yazır ki, şirkət sahibi deputat olan dayısı oğlu Samir Vəliyevin də adını hallandırır və ona heç kəsin bata bilmədiyini söyləyir. Şikayətçi Sevda İskəndərova bildirib ki, 2016-cı ildə adıçəkilən şirkətdən 35 min manat borc götürüb, qızının evini girov qoyub. Bu vəsaitin 22 min manatını qaytardığını deyən vətəndaşın sözlərinə görə, pandemiya dövründə qalan hissəsini ödəmək qabiliyyəti olmadığını qeyd edib. Şikayətçi bildirib ki, bundan sonra şirkət sahibi Ehtiram Alıyev onu məhkəməyə verib. Bu zaman məlum olub ki, guya vətəndaş evi 90 min manata ona satıb. S. İskəndərova bildirib ki, bu qanunsuz "alqı-satqı" işi 9 saylı notariat kontorunda aparılıb və onun rəisi Rəşadət Sadıqovun şəxsi kabinetində baş verib. Onun sözlərinə görə, heç bir ev alqı-satqısı olmayıb, 9 saylı notariusda yerləşən "Muğan bank" vasitəsi ilə bu qanunsuzluğa yol verilib. Əmlak sahibi notarius və bankdan video görüntü tələb edib, amma silindiyini bəhanə gətiriblər. Onun sözlərinə görə, evin hazırda real qiyməti 270 min manatdır: "Mənim 22 min manatım da, qızımın evi də gedib. O ev rəhmətlik qaynatası tərəfindən verilmişdi ki, oğlu, ailəsi rahat yaşasın. Ancaq başımıza gələn bu müsibət qızımın ailəsinin dağılmasına səbəb olub. İndiyə qədər də Ehtiram Alıyev bu haqsızlığı davam etdirir, heç kimi saymır, uşaqlarını Amerikada, İngiltərədə oxudur, əl-qolunu sallayıb gəzir. Məni, ailəmi, kürəkənimi ölümlə təhdid edir, həbslə qorxutmaq istəyir. Bu adamın dayısı hamının tanıdığı keçmiş deputat Əhməd Vəliyevdir. İndi oğlu Samir Vəliyev deputatdır. Onlara güvəndiyini bildirir. Şirkət rəhbəri öz açıqlamasında isə iddiaları təkzib edib, qarşı tərəfə əvvəlcədən borcun şişəcəyi ilə xəbərdar etdiyini deyib. O dayısı və deputat oğlundan istifadə etmədiyini bildirib. Bu prosesdə ən ciddi məqam isə 9 saylı notariusun rəisi Rəşadət Sadıqovun qanunsuzluğa yol verməsidir. Çünki vətəndaşın kredit borcu varsa belə, evin müsadirə olunması haqda qərarı məhkəmə verməli, əmlak sahibi də bu prosesdə iştirak etməlidir. Amma notarius rəisi Rəşadət Sadıqov mənzil sahibinin xəbəri olmadan qanunsuz hərəkətə əl atıb.
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.