Baş gəmiçinin “batmasının” əsas səbəbi

Baş gəmiçinin “batmasının” əsas səbəbi FHN-in yoxlamaları prosesin Rauf Vəliyevin vəzifədən alınması ilə bitməyəcəyini göstərir

Ötən həftə Prezident İlham Əliyevin imzaladığı sərəncamla “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) İdarə Heyətinin sədri Rauf Vəliyev vəzifəsindən azad edildi.

Rauf Vəliyevin işdən azad olunmasını şərtləndirən ən mühüm amil kimi Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmilərin beynəlxalq sanksiyalara məruz qalması hesab oluna bilər. Belə ki, QSC-nin hesabatına görə, 2025-ci il ərzində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus və birgə sahibliyində olan ümumilikdə beş gəmi Rusiyaya məxsus xam neftin daşınması iddiası ilə beynəlxalq sanksiyalara məruz qalıb.

Məlumata görə, bu gəmilərdən 2-si birbaşa ASCO-nun balansındadır, 3 gəmi isə şirkətin birgə müəssisəsi olan SA Maritime AFZECO vasitəsilə ortaq mülkiyyətdədir. Sözügedən gəmilər Avropa İttifaqı, Böyük Britaniya və Kanadanın sanksiya siyahılarına daxil edilib.

ASCO rəhbərliyi bu məsələdə sanksiya tələblərinin pozulmadığını əsaslandırmaq üçün hüquqi apelyasiya prosesinə başladığını açıqlayıb. Lakin nəticələrin və vaxt çərçivəsinin qeyri-müəyyən qalması şirkətin həm əməliyyat, həm də maliyyə perspektivlərinə risk kimi qiymətləndirilir.

Müşahidəçilərə görə, belə bir həssas dönəmdə rəhbərliyin dəyişdirilməsi hökumətin risklərin idarə olunması baxımından verdiyi siyasi-institusional mesaj kimi də oxuna bilər. Bu addım həmçinin 2024-cü il üzrə maliyyə hesabatında yer alan məqamlar, 2025-ci ildə üzləşdiyi problemlər fonunda ASCO-nun idarəçiliyindəki çox ciddi problemlərin ölkə rəhbərliyinin diqqətini cəlb etdiyini göstərir.

Qeyd edək ki, ASCO dövlətin dəstəklədiyi iri müəssisələrdən biridir. 2014-cü ildə Xəzər Dəniz Gəmiçiliyi və SOCAR-ın neft donanmasının birləşdirilməsi yolu ilə yenidən təşkil olunub. Şirkət Xəzər dənizində ən böyük donanmaya malikdir – Xəzəryanı ölkələrin heç birinin onun qədər böyük donanması yoxdur. Rəsmi məlumata əsasən, ASCO-nun nəqliyyat donanmasının tərkibində 56 gəmi, o cümlədən 23 tanker, 13 gəmi-bərə, 16 quru yük gəmisi, 2 Ro-Ro tipli gəmi, 2 Ro-Pax tipli gəmi var.

Məlumdur ki, son illərdə Xəzər dənizi ilə yükdaşımalar kəskin şəkildə artır. Lakin gözlənildiyinin əksinə olaraq, ASCO-nun gəlirləri yükdaşımaların artım sürətindən ciddi şəkildə geri qalır. Bunun səbəbi isə onun 2024-cü ildəki maliyyə fəaliyyətinə dair hesabatından aydın görünür. Hesabata əsasən, ASCO 2024-cü ili cəmi 4,495 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2023-cü ilə nisbətən 3 dəfə azdır. 2025-ci il yanvarın 1-nə ASCO-nun aktivləri 1 milyard 826,603 milyon manat olub ki, bu da bir il əvvələ nisbətən 5,1 faiz çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 82,9 faiz artaraq 559,495 milyon manata çatıb, balans kapitalı isə 11,5 faiz azalaraq 1 milyard 267,108 milyon manata enib.

ASCO-nun hesabatında diqqəti cəlb edən daha bir məqam yükdaşıma gəlirlərinin 52 faizinin icarədən əldə olunması, daşınan yüklərin 48 faizinin bilavasitə şirkətin özü tərəfindən daşınmasıdır. Mütəxəssislərə görə, Xəzər dənizində ən böyük yükdaşıma donanmasına malik şirkətin yükdaşımaları özünün icra etməməsi qaranlıq maraqlardan irəli gələ bilər: “Bu o deməkdir ki, Gəmiçilik Xəzər və Qara daniz hövzəsində yük axtarmaqla məşğul olmayıb. Və ya daşıma üçün yük axtarmamaq məqsədi ilə ən rahatı seçilib: Gəmiləri taym çarterə və berbout çarterə vermək. Xəzərdəki gəmiləri taym çarter və berbout çarterə vermək şəxsi maraqlara xidmətdən başqa hec bir məqsəd daşımır. Qara dəniz hövzəsində taym çarter və ya berbout çarteri anlamaq olar. Xəzərdə Gəmiçilik əsas oyunçudur, rəqabət azdır. Ona görə də reys çarterin payının 48 faiz olması gülməlidir”.

Belə görünür ki, ASCO-nun xarici sularda yük axtarmaq əvəzinə tankerlərini icarəyə verməyə köklənməsi 5 tankerin sanksiya siyahılarına düşməsinin başlıca səbəbidir. Dövlətə məxsus tankerləri icarədarı, daşınacaq yükləri tam araşdırmadan icarəyə verməklə ASCO həm özünün timsalında Azərbaycan dövlətini irihəcmli gəlirdən məhrum edib, həm də beynəlxalq səviyyədə nüfuzuna böyük zərbə vurub.

Yeri gəlmişkən, ötən il Fövqəladə Hallar Nazirliyi ASCO-da ciddi təhlükəsizlik pozuntuları aşkarlayıb. Açıqlanan məlumata görə, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən keçirilən yoxlama zamanı ASCO-ya məxsus gəmilərlə təhlükəli yüklər daşındığı və həmin gəmilərin dövlət reyestrindən qeydiyyatdan keçirilmədiyi müəyyənləşib. Bundan başqa, ASCO-nun donanmasında keçirilən yoxlama zamanı bəlli olub ki, donanmanın Zığ, Pirallahı və Qaradağ ərazisində istismarda olan hidrotexniki qurğuların (gəmilərin yanalma körpülərinin) texniki cəhətdən saz və təhlükəsiz olmasının təmin edilməsi ilə əlaqədar lazımi tədbirlər həyata keçirilməyib.

Eyni zamanda müəssisənin balansında olan gəmilərin texniki təhlükəsizlik bəyannaməsi və ekspertizası mövcud olmayıb, hidrotexniki qurğuların istismar heyətinin ixtisas dərəcələrinin artırılması təmin edilməyib.

Yoxlama zamanı o da bəlli olub ki, kranın təhlükəsiz istismarına və texniki sazlığına cavabdeh şəxslərin təyin olunması barədə əmr yoxdur. Nöqsanlardan biri də kranda texniki şəhadətləndirmə aparılmamasıdır. Eyni zamanda kranın istismar müddətinin bitdiyi, növbəti istismara yararlılığını təyin etmək məqsədilə diaqnostik müayinədən keçirilmədiyi də yoxlama zamanı üzə çıxan nöqsanlardır.

Agentlik tərəfindən ASCO barədə İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsi üzrə protokol tərtib edilərək məhkəməyə göndərilib. Səbayel Rayon Məhkəməsinin qərarına əsasən, ASCO 5 min manat məbləğində cərimələnib.

FHN-in bu yoxlamalarının ASCO tankerlərinin sanksiya siyahısına salınmasından sonraya təsadüf etməsi prosesin R.Vəliyevin vəzifədən alınması ilə bitməyəcəyini göstərir. Böyük ehtimalla, müəssisədə digər qurumlar tərəfindən də yoxlamalar aparılacaq. Bu yoxlamaların nəticəsi olaraq R.Vəliyev və digər ASCO rəsmiləri barədə daha ciddi addımların atılması istisna olunmur.

“Yeni Müsavat”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
6 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...