Hərbçilərin maaşı artırılır
Azpost.info -nun məlumatına görə, hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycan Ordusunun maaş və pensiyalarının qabaqcıl beynəlxalq sistemə uyğunlaşdırılması istiqamətində yeni dəyişikliklər gözlənilir.
Ekspertin sözlərinə görə, hazırlanan yeni sistemdə hərbi qulluqçuların əməkhaqqının hesablanması xidmətin keçirildiyi yer, xidmətin xüsusiyyətləri, şərtləri və ağırlığı nəzərə alınmaqla həyata keçiriləcək.
Ə.Verdiyev qeyd edib ki, yeni sistem tətbiq olunarsa, Müdafiə Nazirliyinin hərbi qulluqçularının maaşları orta hesabla 25 faizə yaxın və daha çox arta bilər.
Ekspertin açıqlamasında maaş strukturunda da dəyişiklik nəzərdə tutulduğu bildirilir. Belə ki, hazırda tətbiq olunan baza vəzifə maaşının yeni sistemdə rütbə maaşı ilə əvəzlənməsi, ümumi maaşda rütbə maaşının payının isə 70 faizə çatdırılması planlaşdırılır.
Bu yanaşma hərbi qulluqçuların əməkhaqqının yalnız tutduğu vəzifə ilə deyil, həm də hərbi rütbə və xidmət xüsusiyyətləri ilə daha sıx əlaqələndirilməsini nəzərdə tutur.
Ədalət Verdiyev hərbi qulluqçuların pensiya təminatı ilə bağlı da dəyişikliklər gözlənildiyini açıqlayıb. Onun sözlərinə görə, pensiya təminatı mexanizminin təkmilləşdirilməsi və proseslərin tam rəqəmsallaşdırılması nəzərdə tutulur.
Ekspert hesab edir ki, yeni sistem Azərbaycan Ordusunda hərbi xidmətin xüsusiyyətlərinin əməkhaqqında daha geniş nəzərə alınmasına imkan verə bilər.
Ə.Verdiyev bu dəyişikliklərin Vətən müharibəsinin növbəti ildönümü ərəfəsində həyata keçirilməsinin xüsusi əhəmiyyət daşıyacağını vurğulayıb.
10 dəfə oxundu










