Azərbaycanda da “milyonçular üçün vergi” tətbiq edilə bilər
Azərbaycanda da bu cür vergi üsulunun tətbiq oluna biləcəyi müzakirə mövzusudur.
Giundeminfo.com xəbər verir ki, pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Elşad Musayev bildirib ki, ABŞ qanunvericiliyi fərqlidir.
O xatırladıb ki, Azərbaycanda 2026-cı ildən tətbiq olunan qaydalara əsasən, aylıq gəliri 2500 manata qədər olan şəxslər üçün təxminən 3%, 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i qədər, 8000 manatdan yuxarı gəliri olanlar üçün isə 14% gəlir vergisi tətbiq edilir:
“Azərbaycanda şəxs istər 8000 pul qazansın, istər bir milyon pul qazansın onlar üçün vergi dərəcəsi 14 faiz müəyyən edilib. Nəzərə almaq lazımdır ki, ABŞ böyük dövlətdir və uzun illərə dayanan dövlətçilik tarixinə malikdir. Azərbaycan isə nisbətən gənc dövlətdir. Ölkədə hələ də müəyyən dərəcədə şəffaflığın artırılmasına ehtiyac var. Gəlirlərin gizlədilməsi, ikili mühasibatlıq kimi hallara hələ də rast gəlinir. Eyni zamanda şəxslərin həqiqi və gizli gəlirlərin həcmi ilə bağlı da suallar yaranır. Bütün hallarda hesab edirəm ki, Azərbaycanda zamanla bu sahədə vəziyyət şəffaflaşacaq. Ona görə də müəyyən zaman keçdikdən sonra düşünürəm ki, vətəndaşlar öz gəlirləri ilə bağlı deklarasiya təqdim edəcəklər, həmçinin bu və ya digər formada dövlət müəyyən məsələləri tənzimləyəcək. Qeyd edim ki, ABŞ vergi dərəcələri yalnız 9,9 faizlə yekunlaşmır, leqal vergi sistemi həm federal, həm də ştatlar səviyyəsində mövcuddur. Orada da federal gəlirlər içərisində müxtəlif rəqəmlər vardır: 10, 12, 35, 37 faiz də var. Bəzi ştatlar əlavə vergilər də tətbiq edir. Ona görə Vaşinqton ştatı 9,9 faiz vergi tətbiq etmək qərarını verib. Bununla bağlı Azərbaycanda vergi dərəcələri hələlik qeyd edilən kimi nəzərdə tutulub. Bu məsələ ilə bağlı da zaman gəldikdə müzakirələr açıla bilər”.
8 dəfə oxundu












