70 kq qızılla saxlanılan polkovnik-leytenantın - 7 il həbsi tələb edildi
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.
Prokuror Qəhrəman Məmmədovun verilmiş ittihamlarla təqsirli bilinməsini, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 7 il azadlıqdan məhrum edilməsini istəyib.
Müdafiə tərəfinə son çıxışa hazırlanması üçün vaxt verilib.
Qeyd edək ki, Q.Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edib. O, İstanbul hava limanında saxlanılarkən çantasında ümumilikdə 10.391.970,08 manat dəyərində 70 kiloqramlıq qızıl külçələr aşkar edilib. Araşdırmalar nəticəsində həmin qızılların qaçaqmalçılıq yolu ilə müxtəlif ölkələr arasında daşındığı müəyyən olunub.
Q. Məmmədova Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə etməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yekun ittiham verilib.
6 dəfə oxundu













