Avtomobildə bunu edənlər yolda saxlanılacaq — 500 manat cəriməsi var
Motosikletin və maşının normadan artıq səs çıxarmasına görə sürücülər hansı hallarda məsuliyyət daşıyır?
Hüquqşünas Fərhad Mehdiyev Demokrat.az-a açqılamasında deyib ki, Azərbaycanda bəzi sürücülər avtomobilin səsini daha gur çıxarmaq və ya nəqliyyat vasitəsinə “idman görünüşü” vermək məqsədilə işlənmiş qazların xaricetmə sistemində qanunsuz dəyişikliklər edirlər:
“Xüsusilə əlavə səsboğucu və ya normativə uyğun olmayan xüsusi avadanlıqların quraşdırılması son dövrlər geniş yayılıb. Lakin bu cür müdaxilələr qanunvericiliyə zidd hesab olunur və inzibati məsuliyyət yaradır. Belə hallarla bağlı məsələ İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsində öz əksini tapıb. Həmin maddəyə əsasən, mühərrikin səs gücünün artırılması məqsədilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə sürücü 500 manat məbləğində cərimə edilir”.
O qeyd edib ki, qanunvericiliyin əsas məqsədi həm ictimai asayişi qorumaq, həm də ətraf mühitə və insanların rahatlığına mənfi təsirlərin qarşısını almaqdır:
“Çünki normadan artıq səs çıxaran avtomobillər yaşayış məntəqələrində səs-küy çirkliliyinə səbəb olur, xüsusilə gecə saatlarında vətəndaşların narahatlığına gətirib çıxarır. Bundan başqa, avtomobilin texniki konstruksiyasına icazəsiz müdaxilə təhlükəsizlik baxımından da risk hesab olunur. Mütəxəssislər bildirirlər ki, işlənmiş qaz sistemində edilən qeyri-peşəkar dəyişikliklər mühərrikin işinə mənfi təsir göstərə, yanacaq sərfiyyatını artıra və texniki nasazlıqlara yol aça bilər. Nəqliyyat vasitəsində hər hansı konstruktiv dəyişiklik yalnız müvafiq qaydalara uyğun və icazə əsasında həyata keçirilməlidir. Əks halda sürücü həm cərimə ilə üzləşə, həm də avtomobil texniki baxışdan keçə bilməyə bilər”.
Qanunvericiliyin bu tələbi təkcə ictimai asayişi deyil, həm də ekoloji mühiti qorumaq məqsədi daşıyır. Normadan artıq səs çıxaran nəqliyyat vasitələri yaşayış məntəqələrində səs-küy çirkliliyi yaradır ki, bu da insanların sağlamlığına və psixoloji vəziyyətinə mənfi təsir edir.
Bundan əlavə, texniki mütəxəssislər xəbərdarlıq edirlər ki, qeyri-peşəkar müdaxilələr mühərrikin işini pisləşdirir və yanacaq sərfiyyatını artırır. Bu cür texniki dəyişikliklər edilmiş nəqliyyat vasitələrinin texniki baxışdan keçməsi də qeyri-mümkündür. Sürücülərə tövsiyə olunur ki, hər hansı konstruktiv dəyişiklik etməzdən əvvəl müvafiq icazələrin olub-olmamasını yoxlasınlar.
Yəni, əgər avtomobilin və ya motosikletin səsini qəsdən artırıb ətrafdakıları narahat edirsinizsə, yol polisi sizi saxlayıb 500 manat cərimə yaza və nəqliyyat vasitəsini cərimə meydançasına apara bilər.
6 dəfə oxundu













