Dünya çempionu niyə azadlıqda qaldı? - “1 manat da ödəmədi...”
“Qafqazinfo”ya müraciət edən zərərçəkmiş A.Ağayev E.Mirzəyevin cinayət törətməsinin sübuta yetirilməsinə baxmayaraq, onun həbs edilməməsinin və vurulmuş zərərin ödənilməməsinin ədalətsiz olduğunu deyir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Şəlalə Həsənovanın verdiyi hökmdən narazılıq ifadə edən şikayətçi E.Mirzəyevin vurduğu zərərə baxmayaraq, azadlıqda qalmasının anlaşılmaz olduğunu bildirib.
Məlumata görə, tanınmış idmançı Elman Mirzəyev avtosalonda maşın alqı-satqısı ilə məşğul olub. İttihamda bildirilib ki, o, A.Ağayev və M.Əliyevə dəyərindən artıq “Range Rover” və “Bentley” markalı avtomobillər gətirəcəyi ilə bağlı yalan vəd verərək külli miqdarda pul ələ keçirib. E.Mirzəyev daha əvvəl həbs edilsə də, sonradan ev dustaqlığına buraxılıb. Bakı Ağır Cinatyətlər Məhkəməsi isə ona şərti cəza təyin edib.
A.Ağayev bildirib ki, məhkəmə E.Mirzəyevə şərti cəza verərkən ona vurulmuş zərərin ödənilməməsini nəzərə almayıb: “Qəribədir ki, zərərçəkmiş şəxs bizə vurulmuş ziyandan bir manat belə ödənilmədən belə bir hökm çıxarıldı. Belə ki, mənim adıma olan nəqliyyat vasitəsi ölkədə olmadığım vaxt, heç bir etibarnamə olmadan Elman Mirzəyev tərəfindən qanunsuz olaraq satılıb və dövlət qurumunun əməkdaşı ilə birgə saxta yolla özgəninkiləşdirilib. M.Əliyev isə 75 min dollar ödəməsinə baxmayaraq, ona vəd edilən avtomobil təhvil verilməyib. Bütün bunlarla bağlı yetərli qədər sübutlar mövcuddur və hamısını təqdim etmişik. Düşünürük ki, qarşı tərəfin hansısa qanunsuz addımları nəticəsində bu hökm verildi. Əgər ona şərti cəza verilirdisə, bizə külli miqdarda zərər vurmuş Elman Mirzəyevin əmlakları ilə bağlı mülki iddiamız təmin edilməli, bizə dəymiş zərərin ödənilməsi istiqamətində addımlar atılmalı idi. Lakin məhkəmə əmlaklarla bağlı mülki iddiamızı baxılmamış saxladı”.
6 dəfə oxundu












