Ədalət Partiyasında istefalar - Təşkilat Komitəsindən açıqlama
Ədalət Partiyasının IX Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinin bu gün keçirilən iclasında bir neçə nəfərin partiya sıralarını tərk etməsinə münasibət bildirilib.
Qaynarinfo xəbər verir ki, bununla bağlı Təşkilat Komitəsi məlumat yayıb.
Bildirilib ki, Ədalət Partiyasının IX Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi bütün iddialı üzvlərinin qurultayda iştirak etməsi və öz iddialarını qurultay nümayəndələrinin müzakirəsinə təqdim etməsi barədə dəfələrlə çağırışlar eedib: "Lakin bir neçə nəfər bunu qəbul etməyərək, partiya sədrini əvvəlcədən öz aralarında müəyyənləşdirərək, qurultayın formal xarakter daşıması iddialarından geri çəkilmək istəmədi. Ədalət Partiyasının çoxsaylı üzvləri, funksionerləri həmin şəxslərin Nizamnamənin, partiyadaxili demokratik mühitin pozulmasına yönələn bu hərəkətlərini heç vaxt qəbul etməmiş və çox böyük təpki ilə qarşılayıb".
Qeyd olunub ki, yaranmış fikir ayrılığını demokratik seçki yolu ilə həll etmək əvəzinə, Ədalət Partiyasının Ali Məclisinin sədri Meydan Babayev və onunla həmfikir olan bir neçə nəfər nizamnaməyə zidd addımlar atmağa cəhd göstərib, bu alınmadıqda isə partiya sıralarını tərk etmək haqqında qərar qəbul ediblər.
"Ədalət Partiyası hər zaman bütün üzvlərinə diqqətlə yanaşaraq barışdırıcı mühit formalaşdırmış, hər kəsin öz iddiasını təmin etməsi üçün şərait yaradıb. Mayın 17-də keçiriləcək qurultay da məhz belə bir fürsət məkanıdır. Yaranmış fürsəti dəyərə çevirmək əvəzinə onların partiya sıralarını tərk etmək seçimləri təəssüf doğrurur. Təşkilat Komitəsi bildirir ki, partiyadakı statusundan asılı olmayaraq hər bir üzvümüzün partiya sıralarını tərk etməsi bizim üçün arzuolunmazdır. Bununla belə Ədalət Partiyası həmin şəxslərə partiyadakı müsbət xidmətlərinə görə təşəkkür edir. Ədalət Partiyası bir daha bəyan edir ki, partiya öz monolitliyini saxlamaqda, növbəti IX Qurultayına hazırlığı davam etdirməkdədir”, - Təşkilat Komitəsinin yaydığı məlumatda bildirilib.
Xatırladaq ki, Ədalət Partiyası Ali Məclisinin sədri Meydan Babayev, onun birinci müavini Elçin Qurbanov, Siyasi Şura üzvləri Vüsalə Dadaşova, İlham Hüseyn və Mehman Əliyev siyasi təşkilatdan istefa veriblər.
Qeyd edək ki, Ədalət Partiyasının sədri, keçmiş Baş prokuror, sabiq ədliyyə naziri İlyas İsmayılov 2025-ci il fevralın 17-də 87 yaşında vəfat edib.
78 dəfə oxundu