Aqrar sektorda vergi güzəştləri bitir, nə gözlənilir?

Aqrar sektorda vergi güzəştləri bitir, nə gözlənilir? “Gələn il aqrar sektor üçün vergi güzəştlərinin son ilidir”.

Bu barədə iqtisadçı Rövşən Ağayev bildirib.

İqtisadçı hesab edir ki, resurs gəlirlərinin sürətlə azalmasının yaratdığı panik əhval-ruhiyyə hökuməti neft-qaz sektorundan kənarda mümkün olan-olmayan bütün mənbələri büdcəyə səfərbər etməyə həvəsləndirir.

“Bu il özəl sektorda çalışanların əmək haqqından tutulan gəlir vergisi üçün 7 illik güzəştin davamına yox dedilər. Bir sıra vergilərdə (yol, aksiz) xeyli artımlar oldu”, – ekspert xatırladır.

R.Ağayevin sözlərinə görə, aqrar sektorda istifadədə olan torpaq mülkiyyətinin ən azı 85-90%-i 2-3 hektardan çox olmayan xırda ailə təsərrüfatlarından ibarətdir. Bu təsərrüfatlar ölkənin ərzaq istehsalında mühüm paya mailk olmaqla, özərini məşğulluq və gəlirlə təmin edirlər. Lakin gəlir etibarı ilə aztəminatlı əhali kateqoriyasına aiddirlər.

İqtisadçı vurğulayıb ki, onların ən minimum səviyyədə, simvolik məbləğdə belə vergi yükünü daşıyacaq potensialı yoxdur.

“Sayı 100 minlərlə ölçülən belə təsərrüfatlarda vergi məqsədli uçot qurmaq çox ciddi problemdir”, – o, əlavə edib.

Ekspert bildirir ki, bu gün Azərbaycanda aqrar məşğulluq 35% yox, 10-15% olsa idi, o zaman sektorun vergi potensialından istifadə üçün imkan olardı: “Lakin son 30 illik iqtisadi idarəçiliyin nəticəsi göz qabağındadır: Azərbaycanın regionları aqrar iqtisadiyyatın dominant olduğu bir coğrafiya olmaqdan qurtula bilmədi. Rayonların əksəriyyətində məşğul əhalinin 40-60%-i aqrar sektora bağlıdır.

Qeyri-aqrar iş yerləri bölgələrdə üstünlük qazana bilmədi. Məhsuldarlıq, yeni texnologiyalardan və təsərrüfatçılıq formalarından istifadə baxımından aqrar sektor XX-ci əsrdən XXI əsrə keçə bilmədi”.

Ekspertin fikrincə, bunun köklü səbəblərindən biri də bölgələrə iqtisadi avtonomiyanın verilməməsi, yerli özünü idarəetmənin inkişafdan saxlanması olub.

Ağayevin sözlərinə görə, iqtisadi inkişaf üçün böhran yarananda onu 1-2 ilin içində həll edəcək “sehirli çubuq” reseptləri yoxdu. Strateji vizion və onun əsasında çıxarılan strateji qərarlar, düzgün diaqnostika, düzgün müalicə üsulları və effektiv icra mexanizmi budur.

“Ümid etmək istəyirəm ki, aqrar sektora münasibətdə strateji səhvə yol verilməyəcək”, – iqtisadçı vurğulayıb. /azpolitika.info



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
26 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...