Kriptobirjada kəskin eniş: Bitcoin və Ethereum 8-9% ucuzlaşıb
"APA-Economics" "CoinMarketCap"-ə istinadən xəbər verir ki, bazarın lideri Bitcoin (BTC) son sutkada 8,36% ucuzlaşaraq 64 854 dollara enib.
Bazarda ikinci ən böyük aktiv olan Ethereum (ETH) isə 9,19% enişlə 1 909 dollar səviyyəsinə düşüb.
Stabilkoinlərdə dəyişiklik minimal olsa da, altkoin seqmentində geriləmə daha dərin olub. Belə ki, BNB-nin qiyməti 10,43% azalaraq 619 dollara, XRP 11,42% enərək 1,27 dollara, Solana (SOL) isə bazarda ən kəskin itkilərdən birini yaşayaraq 14,65% ucuzlaşma ilə 77,6 dollara düşüb. Dogecoin (DOGE) də 11,07% geriləyib.
CoinMarketCap-in ümumi göstəricilərinə görə, kripto bazarının toplam kapitalizasiyası da təxminən 8% azalıb.
Analitiklər bazardakı bu kəskin geriləməni qlobal risk iştahasının zəifləməsi, investorların təhlükəsiz aktivlərə yönəlməsi və son günlər kripto bazarında formalaşan yüksək volatillik fonunda mənfəət realizasiyasının artması ilə izah edirlər.
25 dəfə oxundu










