Rayon rəhbərinin növbəti səyyar-qəbul görüşü Sarov kəndində keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü Sarov kənd İƏD üzrə nümayəndəliyin Sarov kəndində keçirilib.
Qəbulda Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Rəşad Nadirov, rayon polis şöbəsinin qərərgah rəisi Ruslan Allahverdiyev, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Sarov kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb, bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.
Qeyd olunub ki, Sarov kəndinin 797 hektar ərazisi, 337 təsərrüfatı, 1608 nəfər əhalisi var. Ərazidə 1 tam orta məktəb, 1 tibb məntəqəsi, 1 kitabxana, 1 mədəniyyət evi, 19 ticarət obyekti, 3 iaşə və 3 məişət obyekti, 10 subartezian quyusu yerləşir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 682 baş iribuynuzlu, 532 baş xırdabuynuzlu heyvan, 6948 baş quş və 58 arı ailəsi saxlayırlar.
Son üç ildə Sarov kəndində su arxları 6 km məsafədə lildən təmizlənib, kənd arası yollar 1800 metr məsafədə təmir olunub, kənd ərazisinə 180 ədəd müxtəlif növ ağac əkilib, kəndarası yolların kənarları alaq otlarından və məişət tullantılarından təmizlənib və məişət tullantılarının məhv edilməsi üçün quyu qazılıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Sonra söz sakinlərə verilib. Kənd sakinlərindən Elnur Hüseynov işlə və ya heyvandarlıq zərfi üzrə aktivlərlə təmin olunma, Ramin Quliyev kəndin içməli su problemi barədə müraciət ediblər.
Qaldırılan məsələlər ilə əlaqədar rayon rəhbəri tərəfindən əlaqədar şəxslərə aidiyyəti tapşırıqlar verib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
5 dəfə oxundu












