Mənzil alanların diqqətinə: Sizi bu üsulla aldadırlar
Mövzu ilə bağlı “Bakupost”a danışan əmlak eksperti Elnur Azadov bildirib ki, bu, Azərbaycanda mülkiyyət sahəsində, xüsusilə də tikinti şirkətləri ilə bağlı ən ciddi problemlərdən biridir. O vurğulayıb ki, ölkədə 2500-dən çox inşa edilmiş bina var və bu məsələ həmin binaların əksəriyyətində müşahidə olunub.
“Tikinti şirkətləri layihələndirmə apararkən mənzil sahəsini sənədlərdə çöl divarları ilə birlikdə, yəni tikinti sahəsi kimi hesablayırlar. Daha sonra həmin layihə sənədləri əsasında broşürlər hazırlanır və satış komandaları bu cizgi planlarına uyğun olaraq mənzillərin satışını həyata keçirirlər. Satış başa çatdıqdan sonra, bina istər natamam, istərsə də tam tikilmiş vəziyyətdə olsun, mənzil sahibləri öz mənzillərini qəbul edərkən ölçmə işi aparırlar. Bu zaman faktiki sahə ilə müqavilədə göstərilən sahə arasında fərq ortaya çıxır. Daha sonra vətəndaş çıxarış (kupça) almaq üçün müvafiq dövlət qurumuna müraciət etdikdə məlum olur ki, məsələn, 100 kvadratmetr sahə kimi aldığı mənzil çıxarışda 80-83 kvadratmetr kimi qeyd edilib. Bu məqamda istehlakçı anlayır ki, tikinti şirkəti tərəfindən aldadılıb”.
Elnur Azadov bildirib ki, Tikinti və Şəhərsalma Məcəlləsinin 59.03-cü maddəsinə əsasən, mənzilin sahəsi hesablanarkən çöl və daxili divarlar, arakəsmələr, eləcə də havalandırma xətləri ümumi sahəyə daxil edilmir.
Ekspertin sözlərinə görə, balkon sahəsi isə xüsusi əmsalla hesablanır:
“Lakin tikinti şirkətləri çöl və daxili divarları, havalandırma xətlərini, eləcə də balkonu tam şəkildə sahəyə daxil etdiklərinə görə nəticədə ən azı 15 faiz fərq yaranır. Çıxarış mərhələsində balkon sahəsi əmsalla hesablandığı üçün bu fərq daha da artır və bəzi hallarda sahə təxminən yarıya qədər azala bilir. Beləliklə, vətəndaş faktiki olaraq zərər çəkmiş olur. Son dövrlərdə Azərbaycan Respublikasının ədliyyə orqanlarına bu məsələ ilə bağlı çoxsaylı şikayətlər daxil olub və artıq məhkəmə presedentləri formalaşıb. Rəsmi açıqlamalarda da qeyd olunur ki, tikinti şirkətləri tərəfindən bu tip qanun pozuntuları kütləvi xarakter alıb”.
11 dəfə oxundu











