Mərkəzi Bank yoxlama apardı: "Manato" 50, rəhbəri 10 min manat cərimələndi

Mərkəzi Bank yoxlama apardı:
Mərkəzi Bank yoxlamasından sonra "Manato" 50 min manat, rəhbəri 10 min manat cərimələnib.

Tiraj.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının apardığı cari nəzarət prosesləri çərçivəsində "SF Azerbaijan" Bank Olmayan Kredit Təşkilatı MMC və onun vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib.

Məlumata görə, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.6-cı maddələri əsasında Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən "SF Azerbaijan" BOKT MMC 50 min manat, təşkilatın vəzifəli şəxsi isə 10 min manat məbləğində cərimə olunub.

Sözügedən maddələr maliyyə institutlarının cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin qarşısının alınması ilə bağlı öhdəliklərinin pozulmasına görə məsuliyyət nəzərdə tutur. Bu öhdəliklərə müştərilərin lazımi qaydada eyniləşdirilməsi və tanınması, risklərin qiymətləndirilməsi, daxili nəzarət sisteminin qurulması və tətbiqi, eləcə də monitorinq və hesabatlılıq tələblərinə əməl olunması daxildir.

Mərkəzi Bank pozuntuların konkret mahiyyətini açıqlamayıb. Qurum yalnız inzibati tədbirin cari nəzarət prosesləri zamanı aşkar edilmiş qanun pozuntuları əsasında tətbiq edildiyini bildirib.

Qeyd edək ki, "SF Azerbaijan" BOKT Azərbaycanda "Manato" brendi ilə fəaliyyət göstərir. Platforma əsasən təcili pul ehtiyacı olan şəxslərə qısamüddətli və kiçik məbləğli onlayn mikrokreditlər təqdim edir. Şirkətin nizamnamə kapitalı 300 min manatdır. "SF Azerbaijan" BOKT-un səhmlərinin 95,5%-i Latviyanın "AS HSF CA" şirkətinə, 2,5%-i Rüfət Faiq oğlu Quliyevə, qalan 2%-i isə Krists Kruminsə məxsusdur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
8 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...