Sənədsiz evlərə çıxarış almaq istəyənlərin diqqətinə! — Açıqlama
“Əgər tikintiyə icazə sənədi varsa, bir qayda olaraq həmin sənədlər köhnə dövrə aiddir. Çünki o vaxt qüvvədə olan qanunvericilik indiki qanunvericilikdən fərqlənirdi. Hazırda isə təkcə tikintiyə icazənin olması kifayət etmir. Layihə də olmalıdır və bütün tikinti prosesi mövcud qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməlidir.
Burada ilk növbədə belə bir sual yaranır: bəzi insanlar 20 il əvvəl tikintiyə icazə alıblar, amma bu günə qədər tikintiyə başlamayıblar. Əslində dövlətin də həmin icazəni ləğv etmək səlahiyyəti var. Çünki sual olunur ki, əgər uzun illər ərzində tikinti aparılmayıbsa, həmin icazə hansı əsasla qüvvədə qalmalıdır?
Əgər vətəndaş indi tikintiyə başlamaq istəyirsə, o zaman layihə hazırlanmalı və bütün prosedurlar yenidən həyata keçirilməlidir. Çünki bu müddət ərzində qanunvericilik dəyişib, Tikinti və Şəhərsalma Məcəlləsi qəbul olunub və yeni tələblər müəyyən edilib. Həmin tələblərə əsasən layihə hazırlanmalı, aidiyyəti dövlət qurumları tərəfindən texniki şərtlər verilməli və digər prosedurlar yerinə yetirilməlidir. Yəni bu, kifayət qədər geniş və mürəkkəb prosesdir.
Digər tərəfdən, vətəndaşa da sual yaranır ki, əgər vaxtında tikinti aparmaq imkanı var idisə, niyə bunu həmin dövrdə etməyib, illər sonra həyata keçirmək qərarına gəlib?
Bununla yanaşı, başqa hallar da var. Elə vətəndaşlar var ki, evi tikiblər, lakin onu rəsmiləşdirməyiblər və çıxarış almayıblar. İndi isə çıxarış almaq istədikdə yeni qanunvericiliyin müəyyən etdiyi prosedurlardan keçməli olurlar. Faktiki olaraq, vaxtında rəsmiləşdirmə aparılmadığı üçün bu gün əlavə çətinliklərlə üzləşirlər.
Əslində burada qanunvericilikdə mövcud olan əsas boşluq da məhz budur. Bu gün qanun belə bir vəziyyətə dəqiq cavab vermir: tikintiyə icazə alınıb, ev tikilib, lakin çıxarış alınmayıb. Çıxarış olmadığı üçün dövlətin hüquqi baxımdan həmin evi tanıması mümkün olmur. Ancaq digər tərəfdən, həmin evə elektrik enerjisi, təbii qaz və su kimi kommunal xidmətlər göstərilir. Yəni dövlət də faktiki olaraq həmin tikilinin mövcudluğundan xəbərdardır və ona xidmət göstərir. Bu baxımdan “bu evdən xəbərim yoxdur” deməsi də məntiqi görünmür.
Biz uzun illərdir bu barədə danışırıq ki, dövlət bu sahədə ayrıca qanun qəbul etməli və mövcud problemi həll etməlidir. Belə evlərin hüquqi statusu müəyyənləşdirilməli və həmin vətəndaşlara çıxarış verilməsi məsələsi həll olunmalıdır. Lakin bu istiqamətdə hələ də konkret addım atılmayıb. Bu yaxınlarda İqtisadiyyat Nazirliyi də açıqlama verərək bildirdi ki, əmlak amnistiyasının tətbiqi nəzərdə tutulmur. Nəticədə isə bu evlər əvvəlki vəziyyətində qalır və onların böyük bir hissəsi hələ də çıxarışsız olaraq qalmaqdadır”, – deyə ekspert fikrini tamamlayıb.
5 dəfə oxundu










