İranda xüsusi təbliğat qrupları yaradıldı - Azərbaycandakı hücrələrə verilən əsas tezislər
Dövlətlər müəyyən hallarda dini həmrəylikdən, ortaq ideologiyadan, tarixi bağlılıqlardan və mədəni əlaqələrdən istifadə edərək başqa ölkələrdə öz mövqelərini gücləndirməyə çalışırlar. Bu fəaliyyət müxtəlif formalarda — siyasi təşkilatlara dəstək, dini şəbəkələrlə əməkdaşlıq, təbliğat, maliyyələşdirmə və silahlı qruplarla əlaqələr şəklində ortaya çıxır.
Azərbaycanda əksər hallarda dini fəaliyyət xarici müdaxiləyə məruz qalır. Dini inanca malik insanlar elə məsələlərdə həmrəylik, ictimai təşəbbüslər və siyasi etirazlar edirlər ki, bu, açıq-açığına müdaxilənin əyani təzahürüdür.
Beləliklə, 1979-cu ildə İranda baş verən İslam inqilabı yalnız ölkənin daxili siyasi quruluşunu dəyişmədi. Hadisə Yaxın Şərqin geosiyasi mənzərəsinə də ciddi təsir göstərdi.
Şah Məhəmməd Rza Pəhləvinin hakimiyyəti devrildi və Ayətullah Ruhullah Xomeyninin rəhbərliyi altında İslam Respublikası quruldu. Yeni siyasi sistem dini legitimliyi dövlət idarəçiliyinin əsas elementlərindən birinə çevirdi.
İnqilabdan sonra İranın xarici siyasətində inqilabi ideyaların yayılması və regionda özünə yaxın siyasi qüvvələrin dəstəklənməsi mühüm istiqamətlərdən oldu. Bu yanaşma xüsusilə Livan, İraq və digər Yaxın Şərq ölkələrində İranın regional təsirinin formalaşmasına təsir göstərdi.
ABŞ Konqresinin Araşdırma Xidmətinin İran siyasətinə dair hesabatlarında Tehranın regional tərəfdaşları və dəstəklədiyi qruplar xarici siyasətin əsas məsələlərindən biri kimi qiymətləndirilir. Bu münasibətlər siyasi, maliyyə və hərbi dəstək formalarını əhatə edir.
Həmin ssenariyə Azərbaycan da daxil edildi. İran ölkəmizdə əksər dini icmaların və ya şiə məzhəbinə mənsub insanların vahid siyasi məqsədlə fəaliyyətinə bu günə qədər dəstək verir. İranın siyasəti ilə insanlarımızın dini inancları eyniləşdirməyə cəhd edilir. İrana bağlı təşkilatlanmış qruplar olduqca fəal görünməklə dövlət təhlükəsizliyinə ciddi təhdid yaradırlar.
Fars-molla rejimi əlindən gələni edir ki, dini-ideoloji proses zamanı Azərbaycan tam nəzarət altına düşsün, burada hakimiyyət ya dəyişsin, ya da Tehranın ağzına baxmaqla tam müstəqilliyini itirsin. Ölkəmiz şəriət qanunları ilə idarə olunmaqla İran üçün döyüşən mücahid qruplarının sayı artsın.
Sizə bir tarixi misal gətirək.
ABŞ Sovet İttifaqının Əfqanıstandakı hərbi və siyasi mövqelərini zəiflətmək üçün ideoloji müdaxilələrə külli miqdarda vəsait ayırmışdı. Pakistan öz təhlükəsizlik maraqlarını, Səudiyyə Ərəbistanı isə həm regional mövqeyini, həm də ideoloji amilləri həyata keçirmək üçün dəridən-qabıqdan çıxırdı.
Beləliklə, eyni münaqişədə müxtəlif aktorların maraqları üst-üstə düşə bilirdi. Əfqanıstanlı müqavimətçilər öz ölkələrindəki müharibə şəraitində mübarizə aparır, xarici dövlətlər isə bu mübarizəyə öz strateji məqsədləri baxımından yanaşırdılar.
Bu hadisə göstərir ki, dini motivasiya ilə başlayan və ya dini şüarlarla müşayiət olunan mübarizə zamanla beynəlxalq güclərin rəqabət meydanına çevrilə bilər. Bununla belə, bütün iştirakçıların eyni məqsədə xidmət etdiyini düşünmək sadəlövhlük olardı.
Xarici təsirin mexanizmlərini yalnız dinlə əlaqələndirmək düzgün deyil. Eyni üsullar dünyəvi siyasi ideologiyalar əsasında da tətbiq olunub.
1968-ci ildə Çexoslovakiyada Aleksandr Dubçekin rəhbərliyi altında islahatlar başlanmışdı. Bu proses daha açıq ictimai mühitin yaradılmasını və siyasi sistemin müəyyən qədər liberallaşdırılmasını nəzərdə tuturdu.
Sovet İttifaqı və Varşava Müqaviləsi Təşkilatının bir sıra üzvləri bu dəyişiklikləri sosialist blokunun sabitliyinə təhlükə kimi qiymətləndirirdilər. Avqustun 20-dən 21-nə keçən gecə müttəfiq qoşunlar Çexoslovakiyaya daxil oldular və islahat prosesini dayandırdılar.
ABŞ Dövlət Departamentinin tarixi icmalında qeyd olunur ki, müdaxilə Moskvanın Şərqi Avropada siyasi nəzarətini qorumaq məqsədi daşıyırdı.
Bu hadisə mühüm müqayisə imkanı yaradır. Bir halda xarici təsir dini və ideoloji həmrəylik vasitəsilə, başqa halda isə siyasi sistemin qorunması və ideoloji intizam adı altında həyata keçirilə bilər.
Deməli, problem ideologiyanın özündə deyil, onun başqa ölkənin suverenliyinə müdaxiləyə əsas kimi istifadə olunmasındadır.
Bəs yaxşı, dini təşkilatlar nə vaxt xarici təsir vasitəsinə çevrilə bilər?
Dini qurumların ictimai həyatda iştirakı normal sosial reallıqdır. Onlar xeyriyyəçilik, maarifləndirmə, sosial yardım və mənəvi dəstək kimi sahələrdə fəaliyyət göstərə bilərlər.
Lakin müəyyən hallarda dini şəbəkələr siyasi təsir mexanizminin bir hissəsinə çevrilə bilər. Azərbaycanda artıq dəfələrlə sübut olunub ki, İran və ya onunla əlaqəli qurumlar bəzi qrupların fəaliyyətini maliyyələşdirir. Əksər din adamları Tehrandan siyasi tapşırıqlar alır. Dini tədbirlər konkret siyasi kampaniyalarla koordinasiya olunur. Dövlətin hüquq-mühafizə orqanlarında maliyyə, təşkilati və informasiya əlaqələrini təsdiqləyən sənədlər var.
Dini həssaslıqlardan informasiya mübarizəsində istifadə
Aydındır ki, dini və ideoloji mövzular insanların şəxsi kimliyi ilə sıx bağlı olduğundan, belə məsələlər ətrafında yayılan məlumatlar güclü emosional reaksiya doğurur.
Son günlərin hadisələri onu göstərir ki, vahid məktəbli forması dini dəyərlərə hücum kimi təqdim edilir, mürəkkəb hüquqi və ya inzibati məsələ yalnız inanc müstəvisindən baxılır. Belə təqdimat çox qorxuludur və mövcud fikir ayrılıqlarını kəskin dərinləşdirir.
Bu cür nəticələr isə arzuolunan deyil və İran dəyirmanına su tökür.
Araşdırma zamanı məlum olub ki, sosial şəbəkələrdə ilk paylaşımın mənbəyini məhz radikal şəxslərdir və belə materiallarz plakatlar xüsusi şəkildə hazırlanıb. Belə qrupların təşkilati əlaqələri, maliyyələşməsi və müxtəlif iştirakçılar arasında koordinasiyası tam nəzarətdədir. Burada Türkiyənin indiki hakimiyyətinin də maraqlarına nəzər salmaq lazımdır.
Çıxış yolu nədir? Azərbaycan dünyəvi dövlətdir. Və illərdir bizim ölkəmizdə dünyəvilik prinsipi ilə dini azadlıq bir-birinə zidd anlayışlar deyil. Dünyəvilik dövlətin qərarlarını dini hakimiyyətə tabe etməməsini, dövlət institutlarının hüquqi əsaslarla fəaliyyət göstərməsini ifadə edir. Dini etiqadı olan vətəndaşlarımız öz inanclarına uyğun yaşayır.
Bu iki prinsipin qorunması üçün dövlətimiz dini məsələlərdə hüquqa əsaslanan, ardıcıl və ayrı-seçkilikdən uzaq siyasət yürüdür. Eyni zamanda, dini inanclı və ya inancsız vətəndaşların hamısının hüquqları təmin olunur.
Xarici müdaxilə olsa da, dövlət dini mənsubiyyətə, geyimə siyasi mövqeyində çox ehtiyatlıdır. Çünki xarici müdaxilə şəraitində həssas insanlarla işləmək lazımdır.
Əsl təhlükəsizlik modeli olaraq ölkəmiz həm xarici təsirlərin qanunsuz formalarının qarşısını alır, həm də vətəndaşların hüquqlarını qoruyur.
8 dəfə oxundu











