100-dən çox dövlət resursuna kiber hücum haradan edilib ?
Oktyabrın 13-də gecə saatlarında dövlət informasiya infrastrukturuna genişmiqyaslı kiberhücum həyata keçirilib. 100-dən artıq dövlət domeni hədəfə alınıb, xeyli sayda dövlət qurumunun, o cümlədən bir sıra nazirliklərin rəsmi saytlarının fəaliyyətində fasilələr yaranıb.
XRİTDX dərhal açıqlama verib. Açıqlamaya görə, hücum xarici haker qruplaşması tərəfindən həyata keçirilib. Görülən operativ tədbirlər nəticəsində hücumun təsirləri qısa müddətdə məhdudlaşdırılıb və saytların fəaliyyəti bərpa olunub.
Nə baş verib ?
İlkin əlamətlər hadisənin kütləvi DDoS hücumu olduğunu göstərir. Belə hücumlar zamanı serverlərə həddindən artıq sorğu göndərilir və nəticədə saytlar istifadəçilər üçün əlçatmaz olur.
GUNDEMİNFO xəbər verir ki, bu barədə Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz açıqlama verib.
Artıq sosial şəbəkələrdə hücumun 313 Team, Cypher və Litterbox adlı qruplaşmalar tərəfindən həyata keçirildiyi iddia olunur.
Sosial mediada bəzi paylaşımlarda hücumun Türkiyədən həyata keçirildiyi iddia olunur.
Amma 313 Team açıq mənbələrdə İraqla əlaqələndirilən, İranmeyilli haker qruplaşma kimi tanınır.
Hələlik hücumun konkret olaraq haradan olduğu təsdiqlənməyib.
Son illərdə Azərbaycanda dövlət informasiya sistemlərinin, xüsusilə kritik informasiya infrastrukturunun kibertəhlükəsizliyinin gücləndirilməsi istiqamətində xeyli iş görülüb.
Bununla belə, görünür, görülən tədbirlər belə genişmiqyaslı hücumlar zamanı bütün dövlət saytlarının fasiləsiz fəaliyyətini təmin etmək üçün hələ kifayət etmir.
Fikrimcə, XRİTDX bu hadisə ilə bağlı daha ətraflı araşdırma və hesabat hazırlamalıdır. Hücumun mənbələri, xarakteri, təsirə məruz qalan saytların sayı və mövcud müdafiə sistemlərinin niyə tam dayanıqlıq təmin edə bilmədiyi aydınlaşdırılmalıdır.
Eyni zamanda, dövlət qurumlarının kiber müdafiəsi, ehtiyat infrastrukturu, bərpa mexanizmlərinin daha da təkmilləşdirilməsi istiqamətində işlər gücləndirilməlidir.
Baş verənlər aidiyyəti dövlət qurumlarının kibertəhlükəsizlik və rəqəmsal dayanıqlılıq məsələlərinə daha da məsuliyyətlə yanaşmasını tələb edir.
6 dəfə oxundu











