Azərbaycanın 10 boksçusu Avropa Oyunlarında qızıl medal uğrunda mübarizəni davam etdirir
![Azərbaycanın 10 boksçusu Avropa Oyunlarında qızıl medal uğrunda mübarizəni davam etdirir Azərbaycanın 10 boksçusu Avropa Oyunlarında qızıl medal uğrunda mübarizəni davam etdirir](/uploads/posts/2015-06/thumbs/1435151940_boks.jpg)
Avropa Oyunlarında boks yarışlarında Azərbaycan yığmasının 10 üzvü qızıl medal uğrunda mübarizəni davam etdirir.
Kristal Zalda keçirilən boks yarışlarında çıxış edən yığma komandamızın üzvlərindən 11-i yarımfinala vəsiqə qazanıb.
Belə ki, bu gün yüngül (57-60 kq) çəki dərəcəsində çıxış edən qadın boksçumuz Yana Alekseyevna və orta çəkidəki (75 kq) kişi təmsilçimiz Xaybula Musalov 1/4 final döyüşlərində qalib gələrək yarımfinala çıxıblar.
Dünən çıxış edən təmsilçilərimizdən Anna Əlimərdanova (51-54kq), Kollazo Sotomayor (64 kq), Albert Səlimov (60 kq), Pərviz Bağırov (56 kq) və Abdulkadır Abdullayev (+91 kq) rəqiblərini məğlub edərək yarışların yarımfinalına yüksəliblər.
Bundan öncə isə daha 4 boksçumuz - Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Teymur Məmmədov (81 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) yarımfinala yüksəlməyi bacarıb. Lakin superağır çəki (+91 kq) dərəcəsində yarışan Azərbaycan boksçusu M.Məcidov zədə aldığı üçün turniri vaxtından əvvəl başa vurub. Belə ki, Azərbaycanlı idmançı 1/4 finalda türkiyəli Əli Demirezenə qalib gəlib, lakin başından zədə alıb. Komandanın həkimi müayinə zamanı onun yarışlara davam etməsinin təhlükəli olduğunu deyib.
Yarımfinalçılarımızdan 2-si bu gün axşam saatlarında rinqdə qızıl medal uğrunda son döyüşə çıxmaq hüququ əldə etməyə çalışacaqlar.
Yarımfinal döyüşünə əvvəlcə yarım-yüngül çəkidəki (56 kq) bokçumuz T.Əliyev çıxacaq. O, Rusiya təmsilçisi Baxtovar Nazirov ilə münasibətlərə aydınlıq gətirəcək. Görüş saat 19:30-a planlaşdırılır.
Avropa Oyunlarında yarım-ağır çəkidəki (81 kq) boksçumuz, dünya və Avropa çempionatlarının mükafatçısı T.Məmmədov isə finala vəsiqə qazanmaq üçün saat 20:15-də Rusiya idmançısı Pavel Silyaginlə üz-üzə gələcək. /Trend/
1201 dəfə oxundu