Bakı-Sumqayıt qatarı Türkiyə vətəndaşını vurdu
Xəbər verdiyimiz kimi ötən gün Bakı-Sumqayıt sürət qatarının hərəkətində problem yaranıb. Bakıdan saat 19:00 radələrində reysə düşən qatar bir neçə dəqiqə yol qət etdikdən sonra dayanıb. Sərnişinlər yarım saatdan çox qatarda gözləməli olublar.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov AzVision.az-a açıqlamasında bildirib ki, ötən gün saat 19:00-da yola düşən Bakı-Sumqayıt qatarı Keşlə-Biləcəri məntəqəsində dəmiryolu xətti üzərinə çıxan sərxoş kişini vurub. Məlum olub ki, həmin şəxs 1984-cü il təvəllüdlü Türkiyə vətəndaşı Yılmaz Harum Mehmetdir. Onun qatar reysinin kənarında spirtli içki qəbul etdiyi aşkarlanıb. Türkiyə vətəndaşı hazırda xəstəxanadır. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
N.Əziməmmədov son zamanlar Bakı-Sumqayıt qatarının yolunda mane törədən şəxslərin çoxaldığını deyib: “Biz KİV-lər vasitəsilə hər zaman təbliğat aparırıq ki, bu sürət qatarıdır və onun yoluna çıxmaq olmaz. Amma bəzi şəxslər buna əməl etmirlər”.
1347 dəfə oxundu