Alternativ teleqüllə: informasiya axınında nə dəyişəcək?

Ekspert: “Alternativ teleqüllənin yaradılması yaxşı haldır, ancaq Azərbaycanda əsas problem geniş zolaqlı internetlə bağlıdır”
Bakıda yeni teleqüllə istifadəyə verilib. Yeni teleqüllə paytaxtın Nərimanov rayonunda, 1 saylı radiostansiyanın ərazisində yerləşir. Məlumata görə, yeni teleqüllə alternativ kimi istifadə ediləcək və profilaktika zamanı efirdə fasilə yaranmayacaq.
Qüllənin hündürlüyü 125 metrdir. Teleqüllədəki bütün avadanlıqlar rəqəmsaldır və Almaniya, İtaliya və digər ölkələrdən gətirilib.
Alternativ teleqüllə vasitəsi əlavə olaraq həm mobil rabitə, həm də internet ötürülməsi xidmətləri də göstərilir.
Bu teleqüllə fors-major hallarında və Bakı Teleqüllə Kompleksində tələb olunan profilaktika işləri zamanı Bakı şəhəri və Abşeron yarımadasında fasiləsiz radio-televiziya yayımını və dayanıqlı mobil rabitəni təmin edir. Quraşdırılmış 2 ədəd rəqəmli verici Bakı Teleqüllə Kompleksində istismar olunan TV vericilərin alternativliyini təmin etməklə, Bakı şəhəri və Abşeron yarımadasını dövlət, ictimai və özəl TV proqramlarının yayımını həyata keçirir. Eyni zamanda Alternativ Radio Televiziya Yayım Stansiyası (RTYS) yeni quraşdırılmış 2 ədəd FM verici “Respublika” və “İctimai” radioproqramların alternativ yayımı, eləcə də mobil operatorlara məxsus avadanlıqlar vasitəsilə mobil rabitə təmin olunur.
“Yeni Müsavat”a danışan ekspert Osman Gündüz bildirib ki, indiyə qədər alternativ teleqüllənin olmaması normal deyildi: “21-ci əsrdə görünməmiş hadisə idi ki, hansısa gün profilaktika olurdu, televiziyalar işləmirdi. Yəni anormal bir şey idi ki, dünyanın rəqəmsal inkişafı zamanında hansısa təmizliyə görə heç nə işləmirdi. İndiyə kimi də proses bu cür olub. Lakin insanlar hər gün hökumətin fəaliyyətindən, baş verən hadisələrdən məlumat almalıdırlar. Bu, əslində qanunvericiliyin pozulması idi. Çünki qanunvericilikdə birmənalı şəkildə yazılıb ki, vətəndaşa hökumətin fəaliyyəti ilə bağlı informasiyalar əlçatan olmalıdır. Düşünürəm ki, alternativin olması doğru və faydalı bir haldır. Həm də yəqin ki, orada yeni xidmətlər və texnologiyalar da olacaq. Ona görə də bu halı təqdir etmək olar”.
Ekspert bildirib ki, yeni teleqüllənin yüksəkdə yerləşməməsi problem yaratmır: “Hazırda texnologiya elə inkişaf edib ki, yüksəklik elə bir əhəmiyyət daşımır. Ötürücülər güclü olandan sonra düşünmürəm ki, problem yaransın. Bəlli bir ötürücülər və ötürücü şəbəkələr mövcuddur. Ona görə də dünyada ötürücünün hündürdə yerləşməsi önəm daşımır. Telekommunikasiya peykləri də ona görə artıq dəbdən düşüb ki, yerin altı ilə bütün informasiyaları ötürmək mümkündür. Əvvəllər isə belə deyildi. Hazırda yerin altı fiber optik kabellərlə doludur. Ona görə də peyklərə ehtiyac qalmayıb. Dünyada yerüstü şəbəkələr çox inkişaf edib”.
Ekspert bildirib ki, Azərbaycanda bu şəbəkələr hələ çox geridədir: “Düşünürəm ki, Azərbaycanda yerüstü fiber optik infrastrukturun qurulması ilə bağlı ciddi problemlər var. Baxırıq ki, hansısa hesabatda bildirirlər ki, Azərbaycanda internet istifadəçilərinin sayı əhalinin 80 faizini əhatə edir. Dünyada isə internetin keyfiyyətini xarakterizə edən parametrlər içərisində internet istifadəçilərinin sayı yoxdur. Artıq bu cür parametr nəzərə alınmır. Parametr indi belədir ki, həmin ölkədə geniş zolaqlı internet istifadəçilərinin sayı nə qədərdir. Bundan əlavə, göstərilir ki, mobil geniş zolaqlı internet istifadəçisi neçə nəfərdir. Bura həmçinin ölkəyə daxil olan internet sürətinin həcmi də aiddir. Digər parametrə isə ölkədəki internet istifadəçilərinin arasında olan orta internet sürəti daxildir. Gürcüstanda, Qazaxıstanda adambaşına düşən orta internet sürəti 10-15 meqabitdir. Bizdə isə bu, 2-3 meqabit sürətdir. Bu rəqəmlər ölkədə internetin inkişafını xarakterizə edən parametrdir. Bunlarla bağlı bizdə vəziyyət pisdir və pisliyə doğru da dəyişir. Çünki Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi fiber optik xətt çəkməyi öz üzərinə götürüb. Özəl provayderlərə bu istiqamətdə işləməyə imkan vermir. Yaxşı, onlar öz resursları ilə bu prosesi hansı müddətə bitirəcəklər? Hesablamışam ki, bu, 30 il ərzində mümkündür.
Bu da doğru hal deyil. Ona görə də hesab edirəm ki, hökumət yerüstü fiber optik infrastrukturun qurulması haqqında düşünsün. Əli Abbasovun dövründə bir proqram vardı ki, ”hər evə optika" adlanırdı. Bu proqramı həyata keçirmək üçün onlar hökumətdən yarım milyard manat pul istəyirdilər. Hökumət isə onlara inanmayıb, bu vəsaiti ayırmadı. Nəticədə proqram da iflasa uğradı. Ancaq həqiqətən də həmin proqrama ehtiyac vardı. Hökumətdə inam olmadığı üçün proqrama vəsait ayırmadılar. Nəticədə yuxarıda qeyd etdiyimiz parametrlər üzrə rəqəmlər aşağı düşdü. Ona görə də Azərbaycanda internetin sürəti aşağıdır. Artıq 4-5 ildir ki, ölkə üzrə geniş masştablı fiber optik infrastrukturun qurulması, hər kəndə geniş zolaqlı internetin çəkilməsi proqramı yoxdur. Nazirlik Bakı kəndlərinə çəkməyə başlayıb. Ümumilikdə isə ölkədə 5 min kənd var. Bəs bu kəndlərə kim internet çəkəcək? Bu suala heç kim cavab verə bilmir. Hesab edirəm ki, əlverişli biznes mühitinin olmadığı kəndlərə geniş zolaqlı internet çəkilməsini hökumət öz üzərinə götürməlidir. Nazirlik müvafiq qurumları, şirkətləri bir yerə yığıb, keçmiş proqramı təzələyib, sonra hökumətə bir daha təqdim etməlidir. Bununla ya hökumətdən pul almalı, ya da xaricdən kredit almalıdı. Əks halda isə Azərbaycanda internetin sürəti ilə bağlı rəqəm gələn il qonşu ölkələrlə müqayisədə xeyli aşağı olacaq".
763 dəfə oxundu