Dövlət xəstəxanası yoxsa gizli estetik klinika?
Qobustan Rayon Mərkəzi Xəstəxanası ətrafında səslənən iddialar artıq təkcə lokal narazılıq deyil – bu, sistemli qanunsuzluq və açıq sui-istifadə şübhəsi yaradır.İddialara görə, adı çəkilən LOR həkimi Elmir Qəhrəmanlı dövlət tibb müəssisəsində yalnız yarımştat çalışsa da, əsas fəaliyyətini özəl sektorda qurub. Buna baxmayaraq, ən ciddi sual doğuran məqam onun dövlət xəstəxanasında həyata keçirdiyi estetik və kosmetik əməliyyatlardır. Çünki bu tip müdaxilələr nə icbari tibbi xidmət paketinə daxildir, nə də onların dövlət müəssisəsində bu formada aparılması qanunvericiliyə uyğun görünür. Daha da narahatedici məqam isə budur ki, iddialara əsasən, bu əməliyyatlar rəsmi sənədlərdə başqa diaqnozlar altında rəsmiləşdirilir. Nəticədə, vətəndaşlardan alınan və ən azı 1500 manatdan başlayan ödənişlər dövlət büdcəsinə deyil, qeyri-rəsmi şəkildə yönləndirilir. Bu isə artıq təkcə etik yox, həm də cinayət xarakterli məsələdir.
Mediatvaz.com-a verilən məlumata görə, həmin həkim yalnız bu tip “sərfəli” əməliyyatlar olduqda xəstəxanaya gəlir. Bu fakt özü-özlüyündə dövlət tibb müəssisəsinin şəxsi qazanc platformasına çevrildiyi iddialarını gücləndirir. Üstəlik, xəstəxananın öz əməkdaşlarının belə estetik əməliyyatlara cəlb olunması məsələnin miqyasını daha da böyüdür.Mənbələrin verdiyi məlumata görə, ginekologiya şöbəsində çalışan Sahibə adlı tibb bacısı, eləcə də laboratoriyada fəaliyyət göstərən Aybəniz adlı digər tibb işçisi bu cür müdaxilələrə məruz qalan şəxslər sırasındadır.Bu fakt iddiaların nə qədər geniş miqyas aldığını göstərməklə yanaşı, məsələni daha da ağırlaşdırır. Çünki artıq söhbət təkcə qanunsuz tibbi fəaliyyət və maliyyə maxinasiyalarından deyil, eyni zamanda tibb müəssisəsinin daxilində formalaşmış qeyri-rəsmi və nəzarətsiz “estetik xidmət şəbəkəsi”ndən gedir.Ən ciddi və düşündürücü məqamlardan biri isə hüquqi tərəflə bağlıdır. Belə ki, əldə olunan məlumatlara əsasən, Elmir Qəhrəmanlının adı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmri ilə təsdiqlənmiş, plastik cərrahiyyə sahəsinə aid əməliyyatların icrasına icazə verilən mütəxəssislərin siyahısında yer almır. Bu isə o deməkdir ki, iddia olunan estetik və plastik əməliyyatlar həyata keçirilibsə, onlar yalnız qanunsuz deyil, eyni zamanda səlahiyyətsiz tibbi müdaxilə kimi qiymətləndirilə bilər. Belə bir vəziyyətdə isə məsələ artıq inzibati pozuntu çərçivəsini aşaraq, daha ciddi hüquqi məsuliyyət doğuran hallara keçid edir.
Ortaya çıxan sual isə kifayət qədər ağırdır: Əgər bu həkimin belə əməliyyatlar aparmaq üçün rəsmi icazəsi yoxdursa, o zaman kim və hansı əsasla ona dövlət xəstəxanasında bu fəaliyyəti göstərmək imkanı yaradıb?
Günay Muradovanın susqunluğu isə artıq sualları daha da artırır: Qanunsuz əməliyyatlara kim icazə verib,Dövlət müəssisəsi kimlərin maraqları üçün istifadə olunur? Niyə bu fəaliyyətlərə qarşı heç bir tədbir görülmür?Qobustan xəstəxanasında baş verənlərə görə məsuliyyəti kim daşıyır – və bu susqunluq nə vaxta qədər davam edəcək?“Məsələ ilə bağlı yuxarı qurumların reaksiyasını öyrənmək üçün yaxın günlərdə rəsmi sorğular ünvanlanacaq.”
Qarşı tərəfin cavab haqqını tanıyırıq
3 dəfə oxundu












