İslam aləminin ən böyük təşkilatının yaranma hekayəsi - TƏHLİL
1969-cu il avqustun 21-də avstraliyalı fanatik protestant Denis Rohan Qüdsdəki müqəddəs Əl-Əqsa məscidini yandırması İslam aləmində ciddi siyasi dəyişikliyinə səbəb oldu. Bu hadisə planetin müsəlman dövlətlərini birləşdirən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yaranmasını sürətləndirdi.
D.Rohanın əl-Əqsa məscidini hansı səbəbdən yandırması dəqiq məlum deyil. Bəzilərinə görə, o, xüsusi xidmətlərin agenti, bəzilərinə görə isə fanatik dindar idi, Əl-Əqsanı yandırmaqla Qiyamət ssenarisinin tezləşəcəyinə inanırdı.
Ancaq bütün bunlar ehtimallar idi, yalnız hər kəs inanırdı ki, əl-Əqsanın yandırılması müsəlman aləmində ciddi rezonans doğuracaq. Çünki “altı günlük” müharibə yeni başa çatmışdı və ərəb-müsəlman dünyası İsrail qarşısında biabırçı hərbi məğlubiyyətin acısını yaşayırdı. Belə bir vaxtda müsəlmanların müqəddəs məscidinin yandırılması böyük qəzəbə səbəb oldu.
İsrailin üçüncü Baş naziri Qolda Meir daha sonralar etiraf edib ki, əl-Əqsa yandırıldığı gecə səhərə qədər oyaq qalaraq, İsrailə qarşı müharibə başlayacağının qorxusunu yaşayıb. Müharibə olmur, lakin müsəlman ölkələrində böyük etirazlar başlayır. Eyni zamanda, bu hadisə müsəlman dövlətləri təşkilatının yaranması prosesini sürətləndirir.
İlk dəfə Səudiyyə Ərəbistanı 1967-ci ildə “Altı günlük” müharibədən sonra Şərqi Qüdsün işğaldan azad edilməsi üçün İslam Ölkələri Birliyinin yaradılması təşəbbüsünü irəli sürsə də, əl-Əqsa məscidinin yandırılması bu prosesi sürətləndirir.
Qüdsdəki yanğından bir ay sonra - 1969-cu il sentyabrın 22-dən 25-dək Mərakeşin paytaxtı Rabatda keçirilən müsəlman ölkələri dövlət və hökumət başçılarının konfransında İslam Konfransı Təşkilatı təsis olunur. Təsis toplantısında çıxış edən Mərakeş kralı “qərarlarımızın əsası İslami şəhadətə söykənməlidir” deyir.
Mərakeşdəki təsis konfransında 25 ölkə və Fələstin Azadlıq Təşkilatı (FAT) İslam Konfransı Təşkilatını (2011-ci ildə təşkilat adını İslam Əməkdaşlıq Təşkilatı olaraq dəyişir – müəllif) yaradır.
Təşkilat sürətlə genişlənir və hazırda 57 üzvü (Suriya münaqişəsi başladıqdan sonra Dəməşqin mandatı dondurulduğu üçün hazırda 56 – müəllif) var. Həmçinin, beş ölkə İƏT daxilində müşahidəçi statusa malikdir.
İslam Konfransı Təşkilatı BMT ilə sıx əməkdaşlıq edib və təşkilat 1975-ci ildə BMT yanında müşahidəçi statusu alıb. İƏT-in ali orqanı dövlət və hökumət başçılarının konfransı, siyasi orqanı Xarici İşlər Nazirləri Konfransıdır. İƏT-in əsas işçi orqanı olan Baş Katiblik 1971-ci ildən fəaliyyət göstərir.
1970-ci ildə Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən İƏT toplantısında qəbul olunan qərara əsasən, Qüds İsrail işğalından azad edilənədək İƏT Baş Katibliyinin iqamətgahı müvəqqəti olaraq Ciddədə (Səudiyyə Ərəbistanı) yerləşəcək.
İƏT yarandığı gündən indiyə qədər 14 sammit və yeddi fövqəladə sammit keçirib. Bunlar, əsasən, Qüds və Fələstin mövzusu ilə bağlı olub.
İƏT-in (keçmiş İKT) nizamnaməsinə əsasən, təşkilatın əsas funksiyaları aşağıdakılardır:
İslam həmrəyliyini siyasi, iqtisadi və sosial planda inkişaf etdirmək;
Müstəmləkəçiliyə, neomüstəmləkəçiliyə və irqçiliyə qarşı mübarizə aparmaq;
Müsəlman həmrəyliyinin gücləndirilməsi;
Müqəddəs yerlərin qorunması;
Fələstinin müstəqilliyinə nail olmaq.
İƏT-in ən səlahiyyətli orqanı üç ildən bir keçirilən dövlət və hökumət başçıları sammitidir. İkinci əsas siyasi qərar orqanı ildə ən azı bir dəfə keçirilən İslam ölkələrinin Xarici İşlər Nazirlərinin konfransıdır.
Bundan əlavə, BMT-nin hər ilin oktyabrında keçirilən illik sessiyalarında da eyni mövqeni nümayiş etdirmək məqsədilə BMT-nin qərargahında toplanırlar. İƏT-in əsas icra orqanı olan Baş Katiblik və mərkəzi qərargah Səudiyyə Ərəbistanın Ciddə şəhərində yerləşir.
Baş katib Xarici İşlər Nazirlərinin toplantısında dörd il müddətinə coğrafi prinsip əsasında (Asiya, Afrika və Ərəb ölkələrindən) təyin edilir və ardıcıl olaraq iki dəfə seçilə bilər.
Bundan başqa, İƏT Parlament İttifaqı adlı qurum fəaliyyət göstərir.
İƏT yanında onun konfranslarının qərarları ilə yaradılmış bir sıra müstəqil təşkilatlar fəaliyyət göstərir. Onların fəaliyyətini baş katiblik əlaqələndirir: İƏT-in alt quruluşları İslam Ölkələri Statistika, İqtisadi və Sosial Araşdırma və Tədris Mərkəzi (SESRIC), İslam Tarix, Sənət və Mədəniyyət Araşdırma və Tədris Mərkəzi (IRCICA), İslam Ticarət İnkişafı Mərkəzi (ICDT), İslam Texnoloji Universiteti (IUT), İslam Fiqh Akademiyası (IIFA), İslam Həmrəylik Fondu (ISF), Nigeriya İslam Universiteti, Uqanda İslam Universitetidir.
Eyni zamanda, İslam İnkişaf Bankı, İslam Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ISESCO), Beynəlxalq İslam Xəbər Agentliyi (IINA), İslam Ölkələri Yayım Təşkilatı (ISBO) kimi ixtisaslaşmış qurumları var.
İƏT Nizamnaməsinə əsasən, üzv dövlətlər bərabərhüquqlu olaraq başqa üzv dövlətin müstəqilliyinə və ərazi toxunulmazlığına hörmət etməli, digər üzv dövlətin daxili işlərinə qarışmamalı, üzv dövlətlər arasında yaranan hər hansı bir mübahisənin sülh yolu, danışıqlarla nizama salınması, üzv dövlətlərdən birinin ərazisinə, siyasi müstəqilliyinə və ya onların birliyinə qarşı yönələn hər hansı hərəkətdən çəkinməlidirlər.
İƏT-in daha bir qurumu Beynəlxalq İslam Məhkəməsi Şəriət qaydaları və İKT nizamnaməsi əsasında fəaliyyət göstərir. Məhkəməyə yeddi hakim daxildir. Onlar xarici işlər nazirlərinin konfransında üzv dövlətlərin təklif etdikləri və tələblərə uyğun namizədlərdən dörd il müddətinə seçilirlər.
Ancaq ötən 50 ildə İƏT müsəlman ölkələri arasında münaqişələrin həlli, sülh əldə olunması kimi mövzularda ciddi nəticə əldə etməyib. Digər tərəfdən, təşkilat üzv ölkələrlə bağlı siyasi və insan haqları ilə bağlı mövzulara, ümumiyyətlə, qarışmır. Toplantılar bir qayda olaraq dünyada baş verənlərə münasibət bildirir.
Yalnız təşkilat bu günə qədər çoxlu sayda sosial yardım, mədəni layihələr həyata keçirib. Bununla da müsəlman cəmiyyətləri arasında yaxınlaşma, dövlətlər arasında siyasi-diplomatik, eləcə də, mədəni əlaqələrin gücləndirilməsi üçün çoxlu sayda layihələr həyata keçirib.
Qeyd etmək lazımdır ki, Azərbaycan da 1991-ci ildən bu qurumun üzvüdür və təşkilatın işində fəal iştirak edir. 2004-cü ildə Azərbaycanın təşəbbüsü ilə İƏT yanında İslam Konfransı Gənclər Forumu adlı təşkilat yaradılıb və bu qurum beynəlxalq status alıb. Eyni zamanda, 2017-ci ildə Bakıda 4-cü İslam Həmrəyliyi Oyunları keçirilib.
İƏT ali orqanları, dövlət başçıları sammiti, XİN rəhbərləri toplantıları və Parlament İttifaqı səviyyəsində Azərbaycan ərazilərinin işğalını pisləyən, həmçinin, Xocalı soyqırımını tanıyan qətnamələr qəbul edib.
694 dəfə oxundu