“Ölüm qrupu”ndakı abituriyentlərin çoxu kənarda qala bilər
Artıq bütün qruplar üzrə qəbul imtahanı başa çatıb. Nəticələrə nəzər yetirsək, III ixtisas qrupunda vəziyyət olduqca gərgindir. Hətta vəziyyət o dərəcədə pisdir ki, III qrupu “Ölüm qrupu” adlandırırlar. 400 baldan aşağı toplayan abituriyentin kənarda qalmaq ehtimalı var. İxtisas seçimi yaxınlaşdıqca rəqabət daha da güclənir.
I ixtisas qrupunda isə keçid bal aşağı endirilir. 150 bal toplayan abituriyent belə ali məktəbə qəbul ola bilər.
Qruplar arasında bu qədər fərq nə dərəcədə ədalətlidir?
III ixtisas qrupunu “Ölüm qrupu”dan çıxarmaq üçün hansı tədbirlər görülməlidir?
Fənlərin sayı azaldıla bilərmi?
Təhsil eksperti Kamran Əsədov Yenisabah.az-a III ixtisas qrupunda ixtisasların sayının digərləri ilə müqayisədə az olduğunu deyib:
“Ümumiyyətlə, I və III qrupların təyinatı eyni deyil. III qrupda ixtisasların sayı digərləri ilə müqayisədə azdır. I ixtisas qrupunda 19 min, II-də 14 min, III 12 min, IV 6 min plan yeri var. Müqayisədə III ixtisas qrupunun plan yerinin az olduğunu görürük. Bunların aradan qaldırılması üçün müxtəlif təkliflər irəli sürdük və həmin təkliflər rol oynadı. 2022-ci ildə II ixtisas qrupunda olan Beynəlxalq münasibətlər və Regionşünaslıq ixtisasları III qrupa salınacaq. Bu da gərgin vəziyyəti azda olsa, aradan qaldıracaq. Ötən il 12 min plan yerinə görə 18 min abituriyentdən 6 mini kənarda qaldı. İxtisas seçimində abituriyentlər bir çox yanlışlıqlara yol verirlər. Onlar əvvəlki illərdə formalaşan balla ixtisas seçirlər. Halbuki əvvəlki illərdə olan abituriyentlərin sayı, plan yerləri builki ilə müqayisə olunmalıdır. Bu ciddi bir məsələdir. I ixtisas qrupunda 138, II də isə 60-a yaxın ixtisas var. I ixtisas qrupundakı abituriyentlərin aşağı balla ali məktəblərə qəbul olmasına səbəb plan yerinin və ixtisaslarının sayının çox olmasıdır”.
Eksperin fikrincə, birmənalı şəkildə plan yerlərin sayı artırılmalıdır:
“Plan yerlərinin sayını artırmalıyıq. Ona görə ki, 20 minə yaxın insan ali məktəbə qəbul olmaq istəyir. Onlar Azərbaycanda uğur qazanıb, tələbə ola bilməyəndə xarici ölkələrə üz tuturlar. Bu da Azərbaycandan beyin və pul axının getməsinə gətirib çıxarır. Onsuzda biz onların diplomlarını 4 il sonra tanıyırıq. Ona görə də yaxşı olardı ki, həmin şəxslər və vəsait ölkədə qalsın. Təbii ki, bu da Azərbaycanda ali təhsilli insanların sayını da artıracaqdır. Bu gün Azərbaycanda ali təhsilli insanların sayı yetərli qədər deyil. Ölkəmizdə 17 faiz əhalı ali təhsillidir. Ən azı 30 faizi təhsilli olmalıdır. Ona görə də hesab edirəm ki, plan yerləri artırılmalıdır”.
K.Əsədov qruplara fənləri əlavə edib və azaltmağa ehtiyac olmadığını qeyd edib:
“Bütün ixtisas qruplarında fənlər eynidir. İlk mərhələdə şagirdlər Azərbaycan dili, Riyaziyyat və Xarici dilindən imtahan verirlər. İkinci mərhələdə isə hər bir ixtisas qrupuna aid olan əsas fənlər olur. Fənləri əlavə etməyə və ya azaltmağa ehtiyac yoxdur. Çünki bu fənlər gələcəkdə həmin şəxslərin təhslinin almasında bilavasitə təsir göstərəcək. Məhz fənlər üzrə ixtisasların uyğunluğu var. Bu ədalət prinsipini pozacaq. Plan yerlərinin sayını bir qədər artırsaq, daha ədalətli olacaq”.
765 dəfə oxundu