QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə Gülnarə Vəlixanlını nə birləşdirir? - …xeyli məbləğdə vəsait toplanıb
Əgər dövlət büdcəsindən ayrılmış vəsait hesabına icra edilən layihənin nəticəsi ortada deyilsə və ya gözlənilən səviyyədə deyilsə, bu zaman həmin layihənin hesabatının qəbul edilməsi hansı prinsiplərə söykənib?Son zamanlar redaksiyamıza bir neçə QHT nümayəndəsi müraciət edərək “Göyərçin” Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülarə Vəlixanlının onlarla bağlanılmış müqavilələr üzrə öhdəliklərini yerinə yetirmədiyini bildirirlər. Müraciət müəlliflərinin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə müraciətlər edilməsinə, sosial şəbəkələrdə problemlərin işıqlandırılmasına baxmayaraq, nə maliyyə sənədləri təqdim olunur, nə də ödənilmiş vəsaitlər geri qaytarılır.
Şikayətçilərin iddiasına görə, müxtəlif xidmətlərin göstərilməsi və maliyyə sənədlərinin hazırlanması adı ilə QHT-lərə sərfəli təkliflər verilib, nəticədə onlardan xeyli məbləğdə vəsait toplanıb. Lakin sonradan bildirilib ki, bank hesabındakı vəsait vergi borclarına görə avtomatik silindiyindən həmin pulların geri qaytarılması hazırda mümkün deyil.
Bu, ilk baxışdan iki tərəf arasında yaranmış mülki mübahisə kimi görünə bilər. Lakin məsələ bununla bitmir.
Məlumata görə, bu QHT-lər hüquq-mühafizə orqanlarına müraciətin nəticəsiz qalacağı qənaətindədir… Onlar iddia edirlər ki, Gülarə Vəlixanlının arxasında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi dayanır. Bu səbəbdən hüquqi addım atacaqları halda gələcəkdə Agentlikdən qrant ala bilməyəcəklərindən ehtiyat edirlər.
Məhz bu iddialardan sonra sözügedən təşkilatın dövlət hesabına maliyyələşdirilən layihələrini araşdırmağa qərar verdik.
Araşdırma zamanı məlum oldu ki, 2023-cü ildə “Göyərçin” Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin həyata keçirdiyi “Təhsilin əlçatanlığını təmin edən “Rahat Təhsil” (Easy Education) mobil tətbiqi və saytının təkmilləşdirilməsi” layihəsi QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilib və bu məqsədlə təşkilata 8000 manat dövlət vəsaiti ayrılıb.

Layihənin faktiki nəticəsini öyrənmək üçün təqdim edilən internet saytı və mobil tətbiq nəzərdən keçirdik. Oxucuları da həmin platformaya baxmağa dəvət edirik: https://easyedu.az/
İlk baxışdan yaranan təəssürat ondan ibarətdir ki, layihə tam işlək və funksional təhsil platforması deyil. Sayt və tətbiq daha çox ilkin maket və ya yarımçıq məhsul görüntüsü yaradır. Əgər doğrudan da vəziyyət belədirsə, ortaya çox ciddi suallar çıxır.
QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu layihənin yekun hesabatını hansı meyarlar əsasında qəbul edib? Layihənin icrası yerində monitorinq olunubmu? Hazırlanan məhsulun funksionallığı və ictimai faydası necə qiymətləndirilib?
Yoxsa təqdim olunan sənədlər formal qaydada qəbul edilərək layihə uğurlu hesab olunub?
İndi bizi daha ciddi sual düşündürür. Əgər dövlət büdcəsindən ayrılmış vəsait hesabına icra edilən layihənin nəticəsi ortada deyilsə və ya gözlənilən səviyyədə deyilsə, bu zaman həmin layihənin hesabatının qəbul edilməsi hansı prinsiplərə söykənib?
Ən maraqlı məqam isə bundan sonra başlayır.

Normal məntiqə görə, əvvəlki layihənin nəticələri qiymətləndirilməli, onun uğurlu və ya uğursuz olması növbəti maliyyələşdirmə qərarlarına təsir göstərməli idi. Lakin görünən odur ki, belə olmayıb.
Belə ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2026-cı ildə də “Göyərçin” Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin “Gələcəyin mühəndisləri” adlı layihəsini qalib elan edib və yenidən 8000 manat dövlət vəsaiti ayırıb.
Belə olan halda istər-istəməz sual yaranır: əvvəlki layihənin real nəticələri Agentlik üçün ümumiyyətlə əhəmiyyət daşıyırmı? Yoxsa QHT nümayəndələrinin dediyi kimi, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi onlara “like” qoyan və yalnız onlarla foto çəkdirənlərə qrant ayırır?
Əgər layihələrin icra keyfiyyəti, ictimai faydası və davamlılığı qiymətləndirilmirsə, onda qrant müsabiqələrinin əsas məqsədi nədir?
Müraciət edən şəxslər iddia edirlər ki, Gülarə Vəlixanlının QHT-lərə Dövlət Dəstəyi Agentliyi rəhbərliyi ilə yaxın münasibətləri var və bu münasibətlər onun ardıcıl şəkildə qrant qazanmasına şərait yaradır. Bununla da belə şübhələrin yaranmasının özü Agentliyin fəaliyyətində daha yüksək şəffaflıq və hesabatlılıq tələb edir.
Dövlət vəsaiti şəxsi münasibətlərə görə deyil, real nəticələrə görə ayrılmalıdır.
Əgər hər-hansı təşkilat bir layihəni lazımi səviyyədə başa çatdırmayıbsa, onun növbəti layihəsinin hansı əsaslarla maliyyələşdirildiyi ictimaiyyətə aydın izah edilməlidir.
Şəffaflıq yalnız tədbirlərdə çəkilən şəkillərlə, sosial şəbəkələrdə paylaşılan fotolarla və təqdimatlarla ölçülmür. Şəffaflıq dövlət büdcəsindən ayrılan vəsaitin son nəticəsinin cəmiyyət üçün görünməsi deməkdir.

Bu gün vətəndaş cəmiyyətində belə bir fikir formalaşır ki, bəzən layihənin keyfiyyətindən çox, müəyyən çevrələrə yaxın olmaq daha vacib hesab edilir. Əgər bu təsəvvür yanlışdırsa, QHT-lərə Dövlət Dəstəyi Agentliyi bunu konkret faktlar və açıq hesabatlarla təkzib etməlidir.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi bu məsələlərə münasibət bildirməli, həm adıçəkilən layihələrin qəbul edilməsinin hüquqi və maliyyə əsaslarını, həm də monitorinq mexanizmlərini ictimaiyyətə açıqlamalıdır. Eyni zamanda, redaksiyamıza daxil olmuş müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı şikayətlərin araşdırılması üçün aidiyyəti dövlət qurumlarının da məsələyə hüquqi qiymət verməsi ictimai maraq baxımından əhəmiyyətlidir.(Yenixeberorg.com)
5 dəfə oxundu










