Vətən müharibəsi iştirakçısı: “Acınacaqlı vəziyyətdə yaşayıram, uşaqlarımın üzünə baxa bilmirəm” - FOTO
Astarada Vətən müharibəsində iştirak edən, ehtiyatda olan polkovnik bərbad vəziyyətdə yaşayır.
Bu barədə Oxu.Az-ın redaksiyasına müraciət daxil olub. Belə ki, Astara şəhər sakini, ehtiyatda olan polkovnik Rəşad Həsənov deyir ki, ailəsi ilə birlikdə acınacaqlı vəziyyətdə yaşayır:
“Mən 22 il Silahlı Qüvvələrdə xidmət etmişəm. Ehtiyatda olan polkovnikam. 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixinədək Vətən müharibəsində iştirak etdim. 23 oktyabr 2020-ci il tarixində mərmi partlayışı nəticəsində baş və kürək nahiyələrimdən xəsarət aldım. Hərbi xidmətim dövrümdə 9 medalla təltif edilmişəm. Hazırda Astara şəhərində yerləşən 2 saylı hərbi şəhərcikdə yaşayıram. Bu bina isə 1975-ci ildə tikilib və qəzalıdır. Həmin şəhərcikdəki bərbad vəziyyətlə bağlı müxtəlif vaxtlarda bütün dövlət orqanlarına müraciət ünvanlasam da müsbət cavab gəlməyib.
Təəssüf ki, bu günə qədər heç bir tədbir görülməyib. Düzünü desəm ki, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il arixli 569 nömrəli Fərmanına əsasən, 2014-cü il tarixdə 20 il xidmət müddətim bitdiyi üçün evlə təmin olunmalı idim. Lakin bugünədək mənzillə təmin olunmamışam. Halbuki həmin Fərmandan irəli gələn tələblərə əsasən mənzillə təmin olunanların siyahısına ilk növbədə qüsursuz xidməti (22 il qüsursuz xidmətim var), döyüş əməliyyatlarında iştirak (vətən müharibəsində iştirak edib xəsarət almışam), rütbə (polkovnik rütbəsindəyəm), tutduğu vəzifələr (iki ordu birliyində mühüm vəzifədə xidmət etmişəm), yaşayış şəraiti (yaşayış şəraitim çox acınacaqlıdır) nəzərə alınmalıdır. 17 il döyüş bölgəsində xidmətim, Vətən müharibəsində iştirakım və müharibədə xəsarət almağım nə üçün nəzərə alınmır?
Övladlarımın, ailəmin üzünə baxa bilmirəm. Mən daha nə etməliyəm ki, mənzillə təminatıma baxılsın? Hazırda yaşadığım binanın dam örtüyü bərbad vəziyyətdə olduğu üçün yağan yağışlar birbaşa mənzilimə damır. Binanın kanalizasiya sistemi olmadığı üçün üfünət iyindən nəfəs almaq olmur. Qanunvericiliyin tələblərinə əsasən polkovnik rütbəsində olduğuma və ailə sayına görə mən 4 otaqlı mənzillə təmin olunmalı idim. Hələ 8 il öncə mənzillə təmin edilməli idim. Hər gün dua edirəm ki, bircə hava xoş keçsin, yağış yağmasın. Uşaqlarım gözümün içinə baxır, çarəsizlik məni məhv edir. Xahiş edirəm mənə bu məsələdə kömək edilsin”.
612 dəfə oxundu