Bakıda universitetdəki elan müzakirələrə səbəb oldu
Xəzər universitetində bufetə vurulduğu iddia edilən xəbərdarlıq mətni müzakirələrə səbəb olub.
Yeniavaz.com xəbər verir ki, sözügedən xəbərdarlığın fotosu sosial şəbəkələrdə yayılıb.
Elanın məzmununda tələbələrə bufetə kənardan yemək gətirməklə bağlı xəbərdarlıq edilir və bildirilir ki, əks halda onlar töhmət alacaqlar.
Təhsil eksperti Kamran Əsədov məsələyə münasibət bildirib və universiteti tənqid edib:
“Töhmət nədir? Tələbəni daxili nizam-intizam qaydalarını pozduğuna görə xaric etmək, universitetin işgüzar fəaliyyətinə xələl gətirdiyinə görə məhkəməyə verib təzminat almaq lazımdır.
Ona görə də biz xarici ölkələrdən mütəxəssislər gətiririk, uşaqları xarici universitetlərə qəbul etdiririk ki, maksimum dərəcədə bu anormallıqdan uzaq olsunlar.
Azərbaycan universitetlərinin Azərbaycan elmində, sənayesində, iqtisadiyyatında, səhiyyəsində hansı rolu var?
Ayıbdır, vallah ayıbdır”.
***
Məsələ ilə bağlı Xəzər Universitetinin mətbuat katibi Əlövsət Əmirbəyli saytımıza açıqlama verib.
O bildirib ki, universitet rəhbərliyi məsələdən xəbərdardır və artıq bununla bağlı tədbir görülür: “Bu gün səhər sözügedən elanlar universitetin bufetindəki divarlardan götürülüb. Bufeti işlədənlərə bu barədə xəbərdarlıq edilib və onlar rektorluğa dəvət olunublar. Ən qısa müddətdə onlar barəsində tədbir görüləcək”.
502 dəfə oxundu