Yeni sədr niyə köhnə mətbuat xidməti ilə işləməyə davam edir?

Yeni sədr niyə köhnə mətbuat xidməti ilə işləməyə davam edir?
Ata-babalarımız hələ lap qədimdən “sulu el abad, susuz el viran olar” deyiblər. Bəlkə də Allahın lütfüdür ki, Azərbaycan həm içməli, həm də suvarma suyu ilə zəngin olan azsaylı ölkələrdən biridir. Doğrudur, mənfur düşmən tərəfindən ərazilərimizin 20 faizinin uzun illər işğal altında saxlanılması Qarabağdakı su ehtiyatlarımızdan istifadəyə imkan verməyib. Lakin Ali Baş Komandanın siyasi iradəsi və ordumuzun qüdrəti sayəsində torpaqlarımız erməni tapdağından təmizlənib və digər təbii sərvətlərimizlə yanaşı su ehtiyatlarımız da bərpa olunub.

Xatırlatmaq yerinə düşər ki, işğaldan azad olunan ərazilərimizin çaylar, göllər və yeraltı sulardan ibarət su ehtiyatları təxminən 780 milyon kub metr olaraq hesablanır. Bu isə yerli su ehtiyatlarımızın 20 faizə qədərini təşkil edir. İşğal dövründə Tərtərçay, Həkəriçay, Tutkunçay, Xaçınçay və digər bu kimi böyük çayların su ehtiyatlarından məhrum olduğumuzdan, əkin sahələrinin suvarılmasında ciddi çətinliklər yaranıb. İndi isə vəziyyət tamamilə fərqlidir. Amma buna rəğmən içməli və suvarma suyu ilə bağlı çətinliklər hələ də qalmaqdadır. Qarabağ boyda problemi həll etsək də, yerlərdəki məmur-oliqarx özbaşınalıqlarını tam şəkildə aradan qaldırmağa nail ola bilmirik. Məhz bu oliqarxların “fəaliyyəti”nin nəticəsidir ki, insanlar əkin sahələrini suvarmağa su tapmır. Örüş yerlərinin, suvarma suyuna yaxın əkin sahələrinin zəbt edilməsi, eləcə də məmur-oliqarxların ferma və təsərrüfatlarının təminatının yüksək səviyyədə təşkil olunması, adi kəndlini çıxılmaz vəziyyətə salır. Amma öz şəxsi mənafeyini düşünən həmin məmurlardan fərqli olaraq, məhz kəndlinin əkib-becərdiyi məhsul daxili tələbatın ödənilməsində və ÜDM-in formalaşmasında mühüm rol oynayır. Bəs belə məmur-oliqarxlara kimlər şərait yaradır deyə düşünsək, cavabı çox asanlıqla tapa bilərik. Ən birinci günahkar Meliorasiya və Su Təsərrüfatı ASC-dir. Çünki suvarma suyundan, çayların və göllərin səmərəli istifadəsindən məhz bu qurum sorumludur. Amma görünən odur ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi öz üzərinə düşən vəzifələri yetərincə normal icra edə bilmir. Kür çayının müxtəlif rayonlardan keçən hissəsində suyun səviyyəsinin kəskin azalması, hətta bəzi yerlərdə quruması, eləcə də kəndlilərin əkin sahələrini suvarmaq üçün su tapa bilməməsi belə qənaətə gəlməyə əsas verir. Saatlı, Neftçala, Salyan və digər rayonların sakinlərinin susuzluqdan əziyyət çəkməsi ilə bağlı şikayətlər yerli media resurslarında tez-tez işıqlandırılır və bu, bir faktır.

Qurumun “fəaliyyəti”nin qənaətbəxş olmadığını anlamaq üçün digər əsaslar da mövcuddur. Belə ki, təxminən 4 ay bundan öncə Meliorasiya və Su Təsərrüfatı ASC-nin mətbuat katibi Dilqəm Şərifova suallar ünvanlayaraq, qurumun rəhbərliyinin dəyişməsindən sonra hansı işlərin görüldüyünü öyrənməyə çalışdıq. Özü əvvəllər televiziyada çalışan və mətbuat xidməti postuna qədər yüksələn, yəni peşəsi jurnalist olan Dilqəm müəllim bizə qısa zaman ərzində cavab veriləcəyini bildirsə də, dörd aydır heç bir xəbər yoxdur. Bu müddət ərzində dəfələrlə zəng edib sualların aqibəti ilə maraqlandıqda, qurumun mətbuat katibi bizə cavab veriləcəyini deyib. Amma ortada heç bir nəticə olmayıb. Təsəvvür edin ki, bir quruma yeni sədr təyin edilir və biz media olaraq görülən işlərlə bağlı suallar ünvanlayırıq. Amma 4-5 aya yaxındır ki, heç bir cavab ala bilmirik. Bu fakt özlüyündə qurumun necə “işlədiyini” bir dha sübuta yetirir. Üstəlik yeni sədr təyinatından bir ildən artıq vaxt keçsə də, Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən görülən işlərlə bağlı ictimaiyyətə heç bir geniş məlumat və ya hesabat verilməyib. Görünən odur ki, qurumun fəaliyyətsizliyi harınlamış məmur-oliqarxların əl-qolunu açır. Ona görə də, çay yataqları genişləndirilir, məcrası dəyişdirilir və digər qeyri-adekvat addımlar atılır. Bu isə çaylardan suyun səviyyəsinin azalmasına və qurumasına, nəticədə isə suvarma suyu çatışmazlığının yaranmasına səbəb olur. Bir sözlə problemlər ciddi, görülməli olan işlər isə həddən artıq çoxdur. Ümid edirik ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyi nəhayət vaxt tapıb problemlərin həlli istiqamətində ciddi addımlar atacaq. Bizim ünvanladığımız sualların cavabı isə qurum tərəfindən görülən işlərlə veriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
690 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...