Bakını Avrasiya İttifaqına qoşmaq israrı

“Biz Azərbaycanla müxtəlif regional formatlarda: MDB və ŞƏT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, Xəzər beşliyi və "3+3" regional əməkdaşlıq platforması, o cümlədən Avrasiya təhlükəsizlik arxitekturasının qurulması kontekstində sıx əməkdaşlıqda maraqlıyıq”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova son keçirdiyi brifinqdə deyib.
“Biz Bakı və Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə dialoqun güclənməsinin şahidi oluruq. Bunu Azərbaycanın baş nazirinin Avrasiya Hökumətlərarası Şurasının iclaslarında fəxri qonaq qismində iştirak etməsinin indi formalaşmış ənənəsi sübut edir. Sonuncu belə tədbir bu il sentyabrın 30-da Minskdə baş tutub müxtəlif sektorları çərçivəsində tərəfdaşlarımızla çox fəal əməkdaşlığımızı müsbət qiymətləndiririk”, - deyə Zaxarova bildirib.
Azərbaycanın Aİİ-yə qoşulması zaman-zaman gündəmə gələn məsələlərdən biridir. Rəsmi Bakının təşkilata üzv ölkələrlə (Ermənistan istisna) iqtisadi əlaqələri yaxşı olsa da, birbaşa üzvlükdən imtina edib. Prezident İlham Əliyev 2023-cü ilin mayında Avrasiya İqtisadi İttifaqının geniş tərkibdə iclasında qonaq qismində iştirak edib.
Qeyd edək ki, Aİİ 29 may 2014-cü ildə Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə əsasında yaradılıb. Ermənistan Avrasiya İqtisadi Birliyinə 9 oktyabr 2014-cü ildə qoşulub. Birliyin fəaliyyəti rəsmi olaraq 1 yanvar 2015-ci ildə başlayıb.
Ötən il Prezident İlham Əliyev deyib ki, Azərbaycanın Aİİ-yə qoşulmaq niyyəti yoxdur. “Bizim belə planlarımız yoxdur, amma deyə bilmərik ki, bu, gələcəkdə müzakirə mövzusu ola bilməz. Hər şey yaxınlaşmaqdan hansı əlavə iqtisadi fayda əldə edəcəyimizdən asılı olacaq. Əgər onları görsək, qəbul edəcəyik. Əks halda, bizi indi mövcud olan əməkdaşlıq səviyyəsi də qane edir”, - dövlət başçısı qeyd edib.
Təxminən 9 aylıq gərginlikdən sonra münasibətlər istiləşən kimi XİN rəsmisi bu mövzunu gündəmə gətirib. Ümumiyyətlə, Azərbaycan Avrasiya İqtisadi İttifaqına qoşula bilərmi?
27 dəfə oxundu