Mağaza və bazarlarla bağlı 6 ay vaxt verildi

Mağaza və bazarlarla bağlı 6 ay vaxt verildi
Bu ilin oktyabrın 1-dən növbəti 6 ay ərzində bazar mülkiyyətçiləri vergi orqanında uçota alınmamış təsərrüfat obyektlərinin (mağaza, ticarət obyekti, anbar) və həmin obyekti icarəyə götürən şəxslərin uçota alınmasını təmin etməlidirlər.

Qaynarinfo bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, oktyabrın 1-dən qüvvəyə minən Vergi Məcəlləsinə dəyişikliklər bazarlara vergi nəzarətinin təmin edilməsi ilə bağlıdır. Bu dəyişikliklər bazarlarda fəaliyyət göstərən bütün şəxslərin qanunvericiliyə uyğun leqal şəkildə fəaliyyət göstərməsini təmin etməyə və qanunsuz sahibkarlığın qarşısını almağa yönəlib.

Dəyişikliklərə əsasən, bazarlarda icarəçilərin faktiki fəaliyyət göstərməsi yalnız onların icarəyə götürdükləri obyektlərin vergi orqanında uçota alınmasından sonra mümkündür. Bu öhdəlik bazar mülkiyyətçiləri tərəfindən təmin edilməlidir. Qanunvericiliyin yeni tələblərinə görə, bazar mülkiyyətçiləri icarə müqaviləsinə xitam verilmiş, fəaliyyətini dayandıran və ya davam etdirən vergi ödəyiciləri barədə məlumat formasını rübdə 1 dəfə vergi orqanlarına təqdim etməlidirlər.

Dəyişikliklər kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, digər bazarlara aidir. Yəni, vergi qanunvericiliyinin sözügedən müddəaları kənd təsərrüfatı məhsullarının satışı bazarları istisna olmaqla, tikinti, geyim, qeyri-ərzaq, sənaye və digər məhsulların satış bazarları, ticarət mərkəzləri, eləcə də AVM-lərdə fəaliyyət göstərən şəxsləri əhatə edir.

Yeni mexanizm həmçinin bazarlarda çalışan, lakin aldığı malları sənədləşdirməyən sahibkarların uçotla bağlı çatışmazlıqlarını aradan qaldıracaq, rəsmiləşdirmə proseslərini leqallaşdıracaq.

Sahibkarların vergi uçotuna alınmadan, o cümlədən icarəyə götürdükləri obyektləri vergi orqanında uçota qoymadan fəaliyyət göstərməsinə şərait yaradan bazar mülkiyyətçilərinə qarşı məsuliyyət tədbirlərinin tətbiq olunması vergi qanunvericiliyində açıq şəkildə təsbit edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...