Strateji su anbarının yaxınlığında daşınan torpaq qatı – yaranan təhlükə və əmələ gələn acı mənzərə

Strateji su anbarının yaxınlığında daşınan torpaq qatı – Şabran rayonunun Ceyranlı kəndi ərazisində, “Taxta körpü” su anbarının yaxınlığında yerləşən ərazilərdə torpaq qatı qazılaraq daşınır. Su anbarının bir addımlığında ağır texnika ilə qazılan torpaq qatı yük avtomobilləri vasitəsilə ərazidən daşınır. Həmin torpaq kütləsinin kərpic emalı müəssisələrinə satıldığı bildirilir. Kənd sakinlərinin müraciəti əsasında həmin əraziyə yollanıb baş verənləri lentə aldıq.

Ceyran kənd sakinlərinin sözlərinə görə, hər gün bu ərazidən 30–40 avtomobil torpaq daşınır. Sakinləri narazı salan əsas məsələ bu iri tutumlu yük avtomobillərinin kəndin asfalt yolunu sıradan çıxarması ilə bağlı idi. Qeyd edək ki, bir müddət bundan əvvəl həmin yolda Ceyranlı çayının üzərində tikilən körpü də dağılıb. Elə çəkiliş etdiyimiz zaman da sözügedən ərazidə qazıntı işləri davam etdirilirdi. Ağır texnika vasitəsilə qazılan torpaq qatı yük avtomobilləri ilə ərazidən daşınırdı.

Araşdırma zamanı ərazidə olan texnikanın “Giləzi Kərpic” MMC-yə məxsus olduğu məlum oldu. Müəssisənin istehsalat rəhbəri Vüqar Musayev “7Times.az”a verdiyi açıqlamada bildirib ki, həmin ərazidə torpaq daşınması Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin icazəsi əsasında həyata keçirilir.

Qeyd edək ki, müvafiq dövlət qurumunun icazəsi və mövcud normativ-hüquqi aktlara uyğun şəkildə, lazımi sənədləşmə təmin olunmaqla aparılan bu qazıntı işləri nəticəsində ərazidə qorxunc bir xərabəlik yaranıb. Görünür, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin ya bu işlərdən xəbəri yoxdur, ya da qazıntıya icazə verdikləri ərazinin strateji əhəmiyyətindən. Çünki sözügedən ərazi dövlət əhəmiyyətli strateji su anbarının bir addımlığında yerləşir.

Qeyd edək ki, bir müddət bundan əvvəl ərazidən torpaq daşıyan həmin şirkətin yük avtomobilləri polis tərəfindən saxlanılaraq dayanacağa qoyulub.

Mövzunu diqqətdə saxlayacağıq.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
27 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...