Sülh sazişi harada imzalanacaq? - Tiflis, Ankara və ya Astana...

Modern.az-ın məlumatına görə, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin “Rusiya Azərbaycan və Ermənistanın sülh sazişi imzalaması üçün öz ərazisini təqdim etmək təklifini qüvvədə saxlayır” açıqlaması bundan xəbər verir.
"Rusiyalı diplomat bu sözləri Ermənistanın Müstəqillik Günü münasibətilə keçirilən qəbulda deyib. Qaluzinin sözlərinə görə, Moskva Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına xüsusi əhəmiyyət verir. “Rusiya İrəvan və Bakı arasında nizamlanma prosesində böyük və təsirli rol oynayıb” deyən Qaluzin tərəflərə qalan fikir ayrılıqlarının aradan qaldırılmasında bütün zəruri dəstəyi göstərməyə hazır olduqlarını vurğulayıb. Qauzinin “aydındır ki, planlarımızı praktiki olaraq həyata keçirmək üçün hələ də mühüm işlər görülməlidir” cümləsi də maraq doğurur
Birincisi, Qaluzinin iddia etdiyi kimi İrəvanla Bakı arasında xüsusi fikir ayrılığı qalmayıb və buna görə tərəflərin Moskvanın vasitəçiliyinə ehtiyacı yoxdur. Sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyası dəyişdirilməlidir. Ermənistanın baş naziri Nikol Paşinyan gələn ilin iyun ayında parlament seçkilərindən sonra yeni Konstitusiya qəbul edəcəklərinin anonsunu verib. Ermənistan yeni Konstitusiyada Azərbaycana ərazi iddiasını ehtiva edən bəndi çıxardıqdan sonra iki ölkə arasında sülh sazişinin imzalanması üçün maneə qalmayacaq. Bu səbəbdən Qaluzinin açıqlamasından fərqli olaraq “mühüm işlərə” ehtiyac yoxdur. Mühüm işlər buna qədər görülüb.
İkincisi, Azərbaycan və Ermənistan liderləri sülh sazişinin mətnini avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə paraflayıblar. Ukrayna müharibəsinə görə, ABŞ-la Rusiya arasında dərin fikir ayrılığı var. Azərbaycan hakimiyyəti və cəmiyyəti də Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini qəbul etmir. Bundan başqa Azərbaycan və Ermənistan Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarının azaldılmasında maraqlıdır. Təkcə bu iki amili nəzərə alaraq Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün Rusiya paytaxtının seçilməsi ehtimalı azdır. Sülh sazişinin imzalanması üçün yenidən okeanın o tayına səfərə ehtiyac olmasa da, sənəd müxtəlif məkanlarda, iki ölkənin sərhəddində, Tiflisdə, Ankarada və ya Astanada imzalana bilər", - politoloq vurğulayıb.
0 dəfə oxundu