İylənmiş ət verən şadlıq sarayı Adil Əliyevin imiş? – "Çıraq palace" haqda ŞOK iddialar, detallar

 İylənmiş ət verən şadlıq sarayı Adil Əliyevin imiş? – Məşhur misal var - "utanmasan oynamağa nə var ki..."
Bu məsəl indi Bakının məşhur "Çıraq Palace” şadlıq sarayı haqda tam yerinə düşür. Ona görə yox ki, o şadlıq sarayında utanmayıb oynamaq lazımdır. Əsla! Elə toy adətimizdir, oynamaq yeri də elə şadlıq saraylarıdır.
Amma və lakin bəlli olur ki, bir neçə gün əvvəl" Çıraq Palace” şadlıq sarayında qonaqlara istehlaka yararsız ət məhsullarının təqdim olunması ilə bağlı yayılan məlumatlar əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən plandankənar yoxlama keçirilib.
AnaXeber.com.az xatırladır ki, yoxlama zamanı, ümumilikdə şadlıq sarayında keçirilən toy mərasimlərində menyu üzərindən istehlakçılara təqdim edilən ət məhsullarının çeşidinə, mərasim iştirakçılarının sayına münasibətdə yoxlamaya təqdim edilən müvafiq müşayiətedici baytarlıq sənədlərinin eynilik təşkil etmədiyi, istehlaka verilən ətlərin miqdarının baytarlıq sənədlərində göstərilən miqdardan dəfələrlə çox olduğu və bununla da məhsullarla bağlı izlənmə sisteminin təmin olunmadığı müəyyən edilib.
Həmçinin, ətlərin müvafiq temperatur rejimində saxlanılmadığı və donunun açılması prosesinin qida təhlükəsizliyi tələblərinə uyğun aparılmadığı müşahidə edilib. Eyni zamanda, istehlakçıların aldadılması ilə nəticələnən hallar aşkarlanıb.
"Belə ki, qonaqlara təbii “qırmızı kürü” adı altında süni kürü təqdim edilib. Bu hal istehlakçıların təqdim edilən məhsulların xüsusiyyətləri və tərkibi barədə düzgün və dolğun məlumat almaq hüququnun pozulması, istehlakçıların aldadılması kimi qiymətləndirilir.
Elə sosial şəbəkələrdə də “Çıraq Palace” şadlıq sarayında müştərilərə iylənmiş ətdən hazırlanmış yeməklərin təqdim edildiyi görüntülər yayılmışdı. Bildirilirdi ki, iylənmiş ətdən hazırlanmış yemək qonaqların narazılığına səbəb olub və etirazlardan sonra masa üstündən yığışdırılıb.
Amma bu hadisədən sonra restoran rəhbərliyi sosial mediaya çıxaraq, internet TV-lərdən birinə müsahibə verib. Administratorun dediyinə görə, restoranda bu faktın aşkarlanmasına baxmayaraq, guya müştərilərin müraciəti azalmayıb. Hətta sosial şəbəkə səhifələri üzərindən müştərilərin müraciətlərinin artdığını iddia edirlər. Yəni tamamilə absurd və qeyri-ciddi açıqlama verilib. Axı buna kim inanar ki, qonaqlara iylənmiş ət verən restorana yenidən kimsə müraciət etsin?!
Bakıda şadlıq sarayı "n" qədərdir və imici ciddi şəkildə zədə almış, AQTA tərəfindən ifşa edilmiş bir şadlıq sarayına kimsə üz tutmaz. Amma "utanmasan, oynamağa nə var ki" məsəli burada yerinə düşür. Çünki hadisədən az vaxt keçib və restoran rəhbərliyi özünü reklam etdirir. Bu, tam rəzalətdir. Təbii ki, reklam olsa belə, antireklamdır və vətəndaşlar iylənmiş ət verilən şadlıq evinə bir də üz tutmazlar. Eyni zamanda, AQTA tərəfindən aşkarlanan bu faktla bağlı istənilən qidanın 72 saat nümunəsi qalmalıdır. Amma "Çıraq palace" şadlıq evində yeməklərin nümunəsi tapılmayıb.
Bununla belə, restoran rəhbərliyi sosial mediaya çıxaraq özünü reklam edir, guya müştərilərin axın-axın müraciət etdiyini, az qala növbəyə dayandığını bildirir. Halbuki bu hadisədən sonra dərhal restoran qapadılmalı və araşdırma genişləndirilməlidir.
Qeyd edək ki, sözügedən şadlıq sarayının Suraxanı rayon icra başçısı Adil Əliyevə aid olduğu iddiaları var.
2019-cu ildə, yəni hələ deputat olarkən Adil Əliyevin adı “Çıraq Palas” şadlıq sarayı ilə bağlı torpaq mübahisəsində hallanıb. Vətəndaş Xəzəngül Məmmədovanın nümayəndəsi tərəfindən iddia olunub ki, 1000 kvadrat metrlik torpaq sahəsi qanunsuz zəbt edilib və onun yerində “Çıraq Palas” şadlıq sarayı tikilib.
Həmin dövrdə vətəndaş Xəzangül Məmmədova və bir qrup qazı və şəhid ailəsi iddia ediblər ki, Binəqədi rayon bələdiyyəsindən qanuni şəkildə aldıqları 1000 kv. metrlik torpaq sahəsi keçmiş Adil Əliyev tərəfindən qanunsuz şəkildə zəbt edilib.
Şikayətçilərin iddialarına görə, həmin ərazidə Adil Əliyevin qayınanasının adına rəsmiləşdirilmiş 5 mərtəbəli "Çıraq Palace" şadlıq sarayı tikilib. Vətəndaşlar mövzu ilə bağlı ölkə rəhbərliyinə və hüquq-mühafizə orqanlarına çoxsaylı videomüraciətlər ünvanlayıblar.
Mətbuatda getmiş bu məlumatlarla bağlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
12 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...