Tramp Bakıya gəlir?

Tramp Bakıya gəlir?“Mən Cənubi Qafqazda baş verən proseslərə və Azərbaycan-Amerika münasibətlərinə çox nikbin baxıram”.

Bu barədə AZƏRTAC -a müsahibəsində Hudson İnstitutunun aparıcı eksperti Lyuk Koffi deyib. Onun sözlərinə görə, ikitərəfli münasibətlərə yeni enerji vermək zamanı çoxdan yetişib. "Avqustun 8-də Ağ Evdə prezident Trampla görüş münasibətlərimiz üçün yeni başlanğıc nöqtəsi oldu. İnanıram ki, ABŞ və Azərbaycanın iqtisadiyyat, biznes, ticarət, enerji və təhlükəsizlik kimi sahələrdə ümumi maraqları var. Ümid edirəm ki, gələcəkdə iki ölkə arasında daha sıx əməkdaşlıq görəcəyik", - qeyd edib.

Ekspert vurğulayıb ki, bu münasibətləri yeni müstəviyə çıxarmaq üçün ən mühüm və eyni zamanda ən sadə addımlardan biri prezident Trampın Azərbaycana səfəri olar. "Heç bir ABŞ prezidenti Azərbaycana səfər etməyib. Lakin dövlət katibi Marko Rubio da belə bir səfər etsəydi, çox yaxşı olardı. ABŞ-ın dövlət katibi sonuncu dəfə 2012-ci ildə Azərbaycana səfər etmişdi”.

Məlumdur ki, Cənubi Qafqaz (Azərbaycan, Gürcüstan, Ermənistan) Vaşinqton üçün strateji əhəmiyyət daşısa da, prezident səviyyəsində səfərlər nadir hallarda baş tutub.


ABŞ prezidentlərindən yalnız Corc Buş 2005-ci ilin mayında Tiflisdə rəsmi səfərdə olub. O həm də yeganə ABŞ prezidentidir ki, Cənubi Qafqaza rəsmi səfər edib. Tramp administrasiyası Cənubi Qafqaz bölgəsinə - konkret olaraq Azərbaycan və Ermənistan arasında - sülhə və infrastruktur layihələri təşəbbüsü ilə çıxış edir. 8 avqust 2025-də Vaşinqtonda bu iki ölkə arasında birgə bəyanat imzalanıb.

Bakı-xeber.com yazır ki, səfərin baş tutmasının aşağıdakı təsirləri ola bilər:

- Azərbaycan-Ermənistan arasında əlaqələrin normallaşması, qarşılıqlı tranzit və iqtisadi əməkdaşlığın genişlənməsi. Bu, Cənubi Qafqazda sabitliyi artırar.


- ABŞ-ın bölgədə təsirinin artması və ənənəvi regional güclər (məsələn, Rusiya və İran) üçün balans dəyişməsi.

- Enerji və nəqliyyat marşrutlarının dəyişməsi: Azərbaycan Naxçıvanla, Türkiyə və Mərkəzi Asiya ilə daha sıx bağları sıxlaşdırıla bilər.

Siyasi şərhçi Əli Orucov isə bildirib ki, Trampın Cənubi Qafqaza səfər edəcəyi barədə əvvəllər də məlumatlar yayılmışdı: "Həmin məlumatlarda, Birləşmiş Ştatlar prezidentinin özünün adı verilən dəhlizin - Zəngəzur dəhlizinin açılış tədbirində iştirak edəcəyi bildirilirdi. Ancaq həmin dəhlizin açılması barədə 8 avqustda razılaşma əldə olunsa da, hələ ki, proses ləngiyir. Rusiyanın və İranın müdaxiləsi, həmçinin Ermənistandakı daxili qeyri-sabitlik dəhlizin açılmasına mane olur. Vaşinqtonun Cənubi Qafqaza diqqətinin artması fonunda Trampın regiona səfəri mümkündür. Düşünürəm ki, belə bir səfər baş tutarsa Cənubi Qafqazda müsbət nəticələr və ciddi rezonans doğurar. Bu eyni zamanda, Tehrana və Moskvaya Vaşinqtonun mesajı olardı. Ancaq görünən odur ki, Trampın gündəliyində əsas məsələlər Ukrayna-Rusiya müharibəsi, Çinlə münasibətlər, Yaxın Şərq mövzusu, həmçinin Latın Amerikası ilə ziddiyyətlərdir. Ancaq Cənubi Qafqazın da önəmini göz ardı etmək doğru olmazdı".

Yeri gəlmişkən, ABŞ prezidentinin Cənub-Şərqi Asiyaya səfərə başlayıb. Malayziyanın paytaxtı Kuala-Lumpurda Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sammitində Kambocanın baş naziri Xun Manet və Tailandın baş naziri Anutin Çarnvirakul sülh sazişi imzalayıblar. Məlumatda bildirilir ki, mərasim ABŞ prezidenti Donald Trampın iştirakı ilə baş tutub. Trampın sözlərinə görə, sazişin bir hissəsi olaraq, 18 Kamboca hərbi əsiri azad ediləcək. Sənədin imzalanması region ölkələri arasında sülhün və əməkdaşlığın möhkəmləndirilməsində mühüm addımdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
38 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...