İndi satılan çiyələkləri yemək olar, ya yox?
Bəs ilin bu vaxtında bu qiymət normal hesab oluna bilərmi və belə çiyələyi istehlak etmək nə qədər məqsədəuyğundur?
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova mövzu barədə Demokrat.az-a açıqlamasında deyib ki, məhsulun ucuz olması onun mütləq keyfiyyətsiz olması demək deyil:
“Lakin nəzərə almaq lazımdır ki, hazırda Azərbaycanda çiyələyin mövsümü deyil. Mövsümdən əvvəl bazara çıxarılan çiyələk və digər meyvələr əksər hallarda istixanalarda yetişdirilir. Bu zaman məhsulun daha tez yetişməsi üçün süni istilikdən istifadə olunur, həmçinin müxtəlif kimyəvi maddələr və pestisidlər tətbiq edilə bilər. Digər bir məqam isə bu məhsulların xarici bazarlardan idxal olunmasıdır. Belə hallarda məhsulun mənşəyi və təhlükəsizlik göstəriciləri xüsusi əhəmiyyət daşıyır. Əgər məhsulun mənşəyi barədə məlumat verilmirsə, bu, onun tərkibində normadan artıq kimyəvi qalıqların olması ehtimalını artırır və nəticədə aşağı qiymətə satışa səbəb ola bilər”.
O bildirib ki, çiyələk alarkən onun mövsümünə diqqət yetirilməlidir:
“Mövsümdənkənar məhsullar alınarkən isə mənşəyi və keyfiyyət sertifikatları yoxlanılmalıdır. Parlaq görünüşlü, qoxusuz, normadan böyük və dadsız olan çiyələklərin istehlakı məsləhət görülmür. Xüsusilə uşaqlar, yaşlılar, hamilə və süd verən qadınlar, eləcə də xroniki xəstəlikləri olan şəxslər bu cür məhsullardan ehtiyatla istifadə etməlidirlər. Çünki bu məhsullar allergik reaksiyalara, mövcud xəstəliklərin kəskinləşməsinə və digər sağlamlıq problemlərinə səbəb ola bilər. Buna görə də çiyələyi mümkün qədər öz mövsümündə istehlak etmək daha məqsədəuyğundur. Məhsul alarkən onun diqqətlə seçilməsi, istifadədən əvvəl yaxşı yuyulması vacibdir. Bəzi hallarda çiyələyi suda, sirkəli və ya sodalı məhlulda saxlamaq tövsiyə olunsa da, bu üsullar kimyəvi qalıqları tam aradan qaldırmaya bilər. Ümumilikdə, istehlakçılara tövsiyə olunur ki, seçim edərkən yalnız qiymətə deyil, məhsulun keyfiyyətinə, mənşəyinə və mövsümi olmasına diqqət yetirsinlər”.
5 dəfə oxundu












