Tərtərdə rayon Fövqəladə Hallar Komissiyasının toplantısı keçirilib
İclası giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov son dövrlər bölgələrdə müşahidə olunan qeyri-sabit hava şəraiti və intensiv yağışların törətdiyi fəsadlar barədə ətraflı məlumat verib. Qeyd olunub ki, yağıntılar nəticəsində yaranmış çətinliklərin operativ şəkildə aradan qaldırılması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində rayonun bütün xidmət sahələri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Müzakirələr zamanı yağıntıların törətdiyi fəsadların qısa müddətdə aradan qaldırılması üçün görülən işlər təhlil edilib. Bildirilib ki, sel sularının kənarlaşdırılması, su ötürücü kanalların təmizlənməsi və kommunikasiya xətlərində yaranmış nasazlıqların bərpası üçün lazımi texnika və canlı qüvvə səfərbər olunub.
İclasda həmçinin gələcəkdə bu qəbildən olan təbiət hadisələrinin fəsadlarını minimuma endirmək məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi məsələsi xüsusi diqqət mərkəzində olub. Rayon rəhbəri tərəfindən müvafiq qurumlara çay yataqlarının və drenaj sistemlərinin mütəmadi olaraq təmizlənməsi, təhlükəli zonalarda sahilbərkitmə işlərinin sürətləndirilməsi və fövqəladə hallar zamanı operativ reaksiya verilməsi üçün növbətçilik sisteminin təkmilləşdirilməsi ilə bağlı konkret tapşırıqlar verilib.
Sonda komissiya üzvlərinin təklifləri dinlənilib və qarşıda duran vəzifələrin icrası ilə bağlı müvafiq qərarlar qəbul edilib.
6 dəfə oxundu












