Hüquq niyə sərxoşluğu bəhanə saymır?

Hüquq niyə sərxoşluğu bəhanə saymır?Demək olar ki, hər gün oxşar xəbərlərlə qarşılaşırıq: ağır yol-nəqliyyat hadisəsi, məişət zorakılığı, qətl, xuliqanlıq və ya digər cinayət hadisəsi. Hadisənin təfərrüatları açıqlananda isə çox vaxt eyni cümləni eşidirik:

“Şəxs sərxoş vəziyyətdə olub.”

Ardınca da tanış müzakirə başlayır. Bir tərəf deyir: “Nə etdiyini bilmirdi.” Digər tərəf isə düşünür: “Elə buna görə özünü bu vəziyyətə salmamalı idi.”

Bəs hüquq bu məsələyə necə yanaşır?

Bu sual təkcə Azərbaycan üçün aktual deyil. Dünyanın müxtəlif hüquq sistemləri uzun illərdir eyni suala cavab axtarır və fərqli hüquqi məktəblər mahiyyət etibarilə ortaq nəticəyə gəlirlər: insanın öz iradəsi ilə yaratdığı sərxoşluq və ya intoksikasiya vəziyyəti, bir qayda olaraq, onu cinayət məsuliyyətindən azad etmir.

Burada bir məqamı dəqiqləşdirmək vacibdir.

Bu yazıda “sərxoşluq” dedikdə yalnız alkoqol qəbulundan yaranan vəziyyət nəzərdə tutulmur. Söhbət alkoqolun, narkotik vasitələrin, psixotrop maddələrin, onların analoqlarının, eləcə də insanın şüuruna və davranışına təsir göstərən digər vasitələrin yaratdığı intoksikasiya vəziyyətindən gedir.

Eyni zamanda, söhbət yalnız könüllü şəkildə yaranmış intoksikasiyadan gedir. Əgər şəxs aldadılaraq, zor tətbiq edilərək və ya xəbəri olmadan belə vəziyyətə salınıbsa, hüquqi qiymətləndirmə tamamilə fərqli olur. Çünki bu halda araşdırılan təkcə törədilmiş əməl deyil, həm də insanın iradəsinə qanunsuz müdaxilə faktıdır.

Bəs hüquq könüllü intoksikasiyanı niyə anlaqsızlıq kimi qəbul etmir?

Çünki hüquq yalnız nəticəni deyil, həmin nəticəyə aparan yolu da qiymətləndirir.

Anlaqsızlıq insanın iradəsindən asılı olmayaraq yaranan psixi vəziyyətdir. Könüllü intoksikasiya isə insanın öz iradəsi ilə etdiyi seçimin nəticəsidir. Hüquq üçün əsas fərq də məhz budur.

Bu yanaşma Azərbaycan Respublikasının Cinayət Məcəlləsində də öz əksini tapmışdır. Cinayət Məcəlləsinin 24-cü maddəsinə (“Sərxoş vəziyyətdə törədilmiş cinayət”) əsasən, alkoqollu içkilərdən, narkotik vasitələrdən, psixotrop maddələrdən, onların analoqlarından və ya digər güclü təsir göstərən maddələrdən istifadə nəticəsində yaranmış sərxoşluq və ya digər intoksikasiya vəziyyətində cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilmir.

Bu norma təsadüfi yanaşma deyil. O, hələ Roma hüququndan formalaşmağa başlayan və sonradan kontinental (mülki hüquq) sistemi ilə anqlo-sakson (ümumi hüquq) sistemi daxil olmaqla müasir hüquq ailələrinin böyük əksəriyyətində qəbul edilmiş ümumi hüquqi prinsipə əsaslanır: heç kəs öz iradəsi ilə yaratdığı təhlükəli vəziyyəti sonradan məsuliyyətdən yayınmaq üçün bəhanəyə çevirə bilməz.

Əslində, bu məntiq bizə də yad deyil.

Hamımız dəfələrlə belə bir ifadə eşitmişik:

“Çox yaxşı adamdır, amma içəndə tanımaq olmur…”

Toy məclisindən çıxıb sükan arxasına əyləşən sürücü…

Adi mübahisəni faciəyə çevirən bir anlıq qərar…

Təəssüf ki, bunlar uzaq həyat hekayələri deyil. Cəmiyyət belə hadisələri qiymətləndirərkən ilk növbədə bir sual verir:

“Niyə özünü bu vəziyyətə salmışdı?”

Hüquq da mahiyyət etibarilə eyni sualdan çıxış edir.

Məhz buna görə Azərbaycan qanunvericiliyinin yanaşması Almaniya, Fransa, Böyük Britaniya, ABŞ və digər dövlətlərin hüquq sistemlərində qəbul olunmuş ümumi prinsip ilə üst-üstə düşür. İnsan öz iradəsi ilə yaratdığı təhlükəli vəziyyətin nəticələrinə görə məsuliyyətdən yayınmamalıdır.

Bu, hansısa ölkəyə məxsus xüsusi yanaşma deyil. Müxtəlif hüquq sistemlərinin uzun illər ərzində formalaşdırdığı ortaq hüquqi prinsipdir.

Diqqət çəkən başqa bir məqam isə bundan ibarətdir ki, bu hüquqi yanaşma cəmiyyətimizin mənəvi dəyərləri ilə də səsləşir.

Qurani-Kərimin “Maidə” surəsinin 90-cı ayəsində buyurulur:

“Ey iman gətirənlər! Şərab da, qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, nicat tapasınız.”

Ayənin mahiyyəti yalnız müəyyən içkilərin qadağan edilməsində deyil. Əsas məqsəd insanın ağlını və iradəsini zəiflədən, onu həm özü, həm də başqaları üçün təhlükə mənbəyinə çevirə biləcək davranışlardan çəkindirməkdir.

Hüquq bunu hüquqi məsuliyyət müstəvisində izah edir.

Din isə mənəvi məsuliyyət müstəvisində.

İfadə formaları fərqli olsa da, hər ikisinin qorumağa çalışdığı əsas dəyər eynidir — insanın ağlı, iradəsi və cəmiyyətin təhlükəsizliyi.

Bu yazının məqsədi kimisə mühakimə etmək və ya hökm vermək deyil.

Məqsəd hüquqi prinsipin arxasında dayanan məntiqi izah etməkdir. Çünki qanunu bilmək vacibdir, onu anlamaq isə daha vacibdir.

Hüquq insanın seçim azadlığını əlindən almır. Əksinə, həmin azadlığa hörmət edir. Lakin hər azadlığın ayrılmaz tərəfi məsuliyyətdir. İnsan qərarını özü verir, hüquq isə həmin qərarın nəticələrini qiymətləndirir.

Bəzən bir anlıq verilən yanlış qərar təkcə bir insanın deyil, bütöv bir ailənin taleyini dəyişir. Sonradan deyilən “Nə etdiyimi bilmirdim” sözləri nə itirilən ömrü geri qaytarır, nə də törədilmiş əməlin nəticələrini aradan qaldırır.

Bəlkə də buna görə hüquq, beynəlxalq təcrübə və cəmiyyətimizin mənəvi dəyərləri eyni həqiqəti müxtəlif dillərdə ifadə edir: ən doğru yol sonradan bəhanə axtarmaq deyil, peşmanlıq doğuracaq vəziyyətə heç düşməməkdir.

Hüquqi maarifləndirmənin məqsədi insanları cəza ilə qorxutmaq deyil. Məqsəd onların hüquqi düşüncəsini gücləndirmək, məsuliyyət hissini möhkəmləndirmək və düzgün qərar vermələrinə töhfə verməkdir. Çünki bəzən vaxtında verilmiş düzgün qərar təkcə insanın öz həyatını deyil, başqalarının da taleyini qoruyur.

Qanunun əsas missiyası cəza tətbiq etməkdən daha çox, cəmiyyətdə məsuliyyət mədəniyyətini möhkəmləndirmək və hüquqazidd davranışların qarşısını almaqdır. Çünki hüququn ən böyük uğuru çıxarılan hökm deyil, baş verməyən cinayətdir.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
10 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...