Manat möhkəmlənir: Ucuzlaşma gözləmək olarmı?
İyulun 1-ə qədər Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 103,5 bənd təşkil edib. Bu göstərici aylıq müqayisədə və ilin əvvəlinə nisbətən 1 bənd, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,9 bənd artıb.
Eyni zamanda, hesabat dövründə manatın real effektiv məzənnəsi 115,2 bənd olub. Bu göstərici aylıq müqayisədə 0,7 bənd artsa da, ilin əvvəli ilə müqayisədə 0,6 bənd azalıb, ötən ilin iyulun 1-i ilə müqayisədə isə dəyişməyib.
Bəs nominal effektiv məzənnənin artması nə deməkdir? Bu dəyişiklik vətəndaşların gündəlik həyatına, qiymətlərə və iqtisadiyyata necə təsir göstərə bilər?
Qaynarinfo-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin fikrincə, nominal effektiv məzənnənin artması o deməkdir ki, manat Azərbaycanın əsas ticarət tərəfdaşlarının valyutaları ilə müqayisədə orta hesabla bir qədər möhkəmlənib:
"Bu göstərici təkcə dolları deyil, müxtəlif ölkələrin valyutalarını və həmin ölkələrlə ticarətin payını da nəzərə alır".
Akif Nəsirli vurğulayıb ki, nominal effektiv məzənnənin yüksəlməsi idxal olunan məhsulların maya dəyərinin müəyyən qədər azalmasına kömək edə bilər:
"Bu isə uzunmüddətli dövrdə bəzi ərzaq, məişət texnikası, dərman preparatları və digər xaricdən gətirilən malların qiymətlərinə müsbət təsir göstərə bilər. Xaricə səyahət edən və ya xarici valyutada ödəniş edən vətəndaşlar üçün də müəyyən üstünlüklər yarana bilər".
İqtisadçı ekspert deyir ki, bununla yanaşı, bu göstəricinin artması qiymətlərin dərhal ucuzlaşacağı anlamına gəlmir:
"Pərakəndə satış qiymətlərinə nəqliyyat xərcləri, daxili inflyasiya, logistika, vergi yükü və sahibkarların qiymət siyasəti kimi amillər də təsir edir. Ona görə də nominal effektiv məzənnədəki müsbət dəyişiklik bazarda müəyyən vaxtdan sonra və məhdud şəkildə hiss oluna bilər".
Manatın möhkəmlənməsi ixracatçılar üçün yaratdığı çətinlik haqqında danışan ekspert vurğulayıb ki, onların xarici valyutada əldə etdikləri gəlirin manat ifadəsində dəyəri azalır və bu, xüsusilə qeyri-neft sektorunda rəqabət qabiliyyətinə müəyyən təsir göstərə bilər:
"Buna görə də iqtisadiyyat üçün ən əlverişli variant həm qiymət sabitliyini, həm də ixracın rəqabət qabiliyyətini qoruyan balanslı məzənnə siyasətidir".
9 dəfə oxundu










