Azərbaycanda DEVALVASİYA olacaq?

Bəzi beynəlxalq analitiklər, məsələn, "Barclays bankı" 2025-ci il üçün Brent neftinin orta qiymət proqnozunu 66 dollar səviyyəsinə endirib. Bu, Azərbaycanın büdcədə nəzərdə tutduğu qiymətdən aşağıdır və potensial fiskal risklər yarada bilər.
Neft qiymətlərinin bu səviyyədə davam etməsi Azərbaycanın fiskal siyasətinə və iqtisadi sabitliyinə təsir edə bilər. Belə olan təqdirdə devalvasiya riski nə qədər yüksəkdir?
Gundem.info.az xəbər verir ki, məsələ ilə bağlı Natiq Cəfərli News24.az-a açıqlamasında bildirib ki, neftin qiymətini gündəlik əsasda yox, daha geniş zaman kəsiyində — aylıq, rüblük və ya yarımillik əsasda qiymətləndirmək daha doğrudur:
"Hələlik ilin əvvəlindən Azərbaycan neftinin orta qiyməti 70 dollar civarındadır və bu, büdcə üçün kritik risk yaratmır. Lakin bu tendensiyanın davam etməsi halında real problemlər ortaya çıxa bilər. Əgər ikinci rübdə neftin qiyməti 60 dollar civarında olsa, bu zaman iqtisadiyyatda müəyyən problemlər yaşana bilər. Bizim valyuta gəlirlərimiz azalacaq, tədiyə balansında mənfilik ola bilər".
İqtisadçı həmçinin vurğulayıb ki, iyun ayında qiymətlər bu səviyyədə davam edərsə, büdcəyə yenidən baxılması, yəni dəyişikliklərin edilməsi qaçılmaz ola bilər:
"Bu isə büdcə xərclərinə, sosial proqramlara və investisiya planlarına da təsir göstərə bilər. Hazırkı şəraitdə hökumətin məsələni diqqətlə izlədiyi bildirilir. Qısa müddətdə panikaya ehtiyac olmasa da, davamlı eniş Azərbaycanda iqtisadi və fiskal sabitlik üçün yeni çağırışlar yarada bilər. Xüsusilə də tədiyə balansı, valyuta ehtiyatları və manatın sabitliyi kimi faktorlar üçün bu proses strateji əhəmiyyət daşıyır".
33 dəfə oxundu