Xəzər dənizi bataqlığa çevrilə bilər - Alimdən xəbərdarlıq
Xəzər dənizinə Volqa çayından daxil olan çirkləndiricilər onun bataqlığa çevrilməsinə səbəb ola bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə gazeta.ru-ya Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinin ekologiya və təbiətdən istifadə kafedrasının dosenti Vadim Rukavitsın bildirib.
"Rusiyada Xəzər regionunun bizə aid hissəsinin çirklənməsinin qiymətləndirilməsi ilə Roshidromet və Xəzər Dənizi Elmi-Tədqiqat Mərkəzi məşğul olur. Monitorinq stansiyaları həm Volqa deltasında, həm də Xəzər dənizinin özündə yerləşir. Bu qurumlar hər il regionun çirklənməsi ilə bağlı hər kəs üçün əlçatan olan bülleten dərc edirlər. Ümumilikdə, 2024-cü il üzrə Xəzər dənizinin suyunu kompleks çirklənmə göstəricisinə əsasən çirklənmiş kimi qiymətləndirmək olar”, deyə Rukavitsın izah edib.
Onun sözlərinə görə, Xəzər dənizinin suları, o cümlədən dənizə tökülən çaylardan və əsasən də Volqadan daxil olan məişət tullantıları ilə çirklənir. Lakin məişət tullantıları ilə yanaşı, dəniz pestisidlər, ağır metallar və bəzi ərazilərdə neft məhsulları ilə də çirklənir.
"Xəzər Dənizi Elmi-Tədqiqat Mərkəzinin məlumatlarına görə, məişət tullantılarından daha çox Volqa çayından daxil olan pestisidlər və fenol diqqət tələb edir. Belə ki, onların istifadəsinə qadağa qoyulmasına baxmayaraq, səth sularında pestisidlərin miqdarı 2023-cü ildən etibarən on dəfələrlə artıb, fenollarla çirklənmə isə “ekstremal dərəcədə yüksək” səviyyəyə çatıb. Söhbət ekosistemə təsirdən gedirsə, belə çirklənmələr ardıcıl olaraq dənizin müəyyən hissələrinin evtrofikasiyasına (bataqlığa çevrilməsinə), eləcə də biomüxtəlifliyin tədricən azalmasına səbəb ola bilər. Nəticədə dəniz rekreasiya əhəmiyyətini itirə, dənizə bitişik bütün ekosistemlər də zərər görə bilər", deyə alim qeyd edib.
7 dəfə oxundu











