“Bazar Store”-da vaxtı keçmiş uşaq qidası satılır? – AQTA-dan AÇIQLAMA - FOTOFAKT
Bizim.Media xəbər verir ki, vətəndaşın iddiasına görə, Binəqədi şossesi üzərində yerləşən “Bazar Store” mağazasından uşaq üçün qida məhsulu alıb.
Evə gəldikdən sonra isə məhsulun son istifadə tarixinin keçdiyini müəyyən edib.
Söhbət uşaq qidasından getdiyi üçün belə bir məhsulun son istifadə tarixi keçmiş vəziyyətdə satışda olması ilə bağlı ciddi suallar yaranır. Bu hal mağazada məhsulların son istifadə tarixlərinə nəzarətin necə həyata keçirildiyi məsələsini də gündəmə gətirir.
Vətəndaş məsələnin araşdırılmasını, məhsulun son istifadə tarixi keçmiş halda niyə satışda olduğunu izah etməyi və məsul şəxslər barəsində tədbir görülməsini tələb edib.
Məsələ ilə bağlı “Bazar Store” mağazalar şəbəkəsinə sorğu ünvanlanıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə sorğumuza cavab olaraq bildirildi ki, məsələ nəzarətə götürülüb və hazırda araşdırılır. Qeyd olunub ki, araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.
11 dəfə oxundu











