Gəncənin Cavadxan qəsəbəsində həyat sanki dayanıb, ya da ibtidai icma quruluşudur – Prezidentə MÜRACİƏT

Gəncənin Cavadxan qəsəbəsində həyat sanki dayanıb, ya da ibtidai icma quruluşudur –

Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşayan sakinlərin dərdi saymaqla bitmir. Vətəndaşların təbilincə desək bu ərazidə həyat sanki dayanıb, yaxud hələ də ibtidai icma quruluşu hökm sürür. Çünki 21-ci əsr olmasına baxmayaraq sözügedən ərazidə nə elektrik enerjisi, nə də həyat mənbəyi sayılan su mövcuddur. Gəncə şəhəri, Cavadxan qəsəbəsinin yolları da bərbad vəziyyətdədir. Sakinlər belə deyir.

KONKRET.az-ın redaksiyasına müraciət edən sakinlərin tək ümidi isə ölkə başçısı İlham Əliyevdir. Bu səbəbdən də, ərazidə yaşayan sakinlər Prezidentə müraciə ünvanlayıblar. Müraciəti olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,

surəti Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova,

Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşayan Quliyev Vasif İsrafil oğlu və digər sakinlər tərəfindən

Ə R İ Z Ə

Hörmətli cənab Prezident! Biz Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova və digər aidiyyəti şəxslərə dəfələrlə müraciət etsək də, müraciətimizə heç bir əhəmiyyət verilmir və bizimlə ümumiyyətlə əlaqə saxlanılmır.

Biz Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşayırıq. Bu qəsəbəyə el arasında “Quşçular qəsəbəsi” də deyirlər. Cənab Prezident! Biz işıq üzünə həsrətik. Belə ki, yaşadığımız ərazidə əhalinin çox olmasına baxmayaraq orda transformator yoxdur. Bizim yaşadığımız ərazi ilə transformator arasında 650 metr məsafə var. Ona görə də bizə elektrik xətti çəkmirlər. Elektrik dayağı bizim yaşadığımız evin 450 metrliyində var. Amma dəfələrlə müraciət etməyimizə baxmayaraq bizim evlərə elektrik xətti çəkmirlər. Yaşadığımız ərazidə su da yoxdur, yolu çox bərbad gündədir. Elm-texnikanın bu qədər inkişaf etdiyi dövrdə biz elektrik enerjisinə həsrətik. Qonşuların bir neçəsi işıq olmadığına görə, köçüb başqa yerlərdə kirayədə qalırlar. Evdə azyaşlı uşaqlar da var. Bizim başqa yerdə kirayədə qalmaq imkanımız yoxdur. Xahiş edirik ki, bizim yaşadığımız ərazinin elektrik enerjisi ilə təmin olunmasına köməklik göstərəsiniz.

İMZA:

Quliyev Vasif İsrafil oğlu

Qarayev Aqşin Zahid oğlu

Məmmədova Fərizə Kərim qızı

Tağıyev Zabit İbrahim oğlu

Nağıyev Tural Əmiraslan oğlu

Bağırov Xəzani Xəqani oğlu

Bağırov Firdovsi Fizuli oğlu və başqa 75 nəfər



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
569 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...