“Əlilliyin müəyyən edilməsi məsələsi ASAN Xidmətə verilsin, nazirliyin də canı qurtarsın”

“Atəşkəs dövründə əlillərin sayı müharibə dövründəki əlillərin sayı ilə müqayisədə xeyli artıb. Azərbaycan dünya ölkələrindəki əlillərin sayı ilə müqayisədə qat-qat çoxdur”. Deputat Siyavuş Novruzov bunu Milli Məclisdəki müzakirələr zamanı söylədi. S.Novruzov deputat həmkarı Qənirə Paşayevanın təklifini müdafiə edərək dedi ki, sağlamlığı imkan verən əlillərin işlə təmin olunması istiqamətində də addımlar atılmalıdır: “Çox təəssüf ki, hansısa müəssisə bağlananda birinci olaraq əlilləri ixtisara salırlar. Hansı ki, ən sonda onlarla bağlı, Qarabağ müharibəsi iştirakçıları ilə bağlı qərar verilməlidir. Aidiyyati strukturlar bu məsələyə ciddi şəkildə nəzarət etməlidir ki, bu cür insanların hüquqları həmişə müdafiə olunsun”.
Komitə sədri Hadı Rəcəbli isə S.Novruzovun fikirlərinə münasibət bildirərkən dedi ki, Azərbaycan dünya ölkələri ilə müqayisədə əlillərin sayına görə aşağı yerlərdən birini tutur: “Bizdə 6 faizdir, halbuki başqa ölkələrdə bu, əhalinin 12 faizini təşkil edir”.
Deputat Məlahət İbrahimqızı gözdən birinci qrup əlillərin probleminə diqqət çəkdi: “Valideyn məcbur olur ki, işləməsin və övladını məktəbə aparsın, onun qayğısına qalsın. Xahiş edirəm, bu məsələyə ciddi diqqət yetirilsin”.
Deputat Zahid Oruc isə dedi ki, məsələnin kökünə varmadan saxtakarlıqların qarşısını almaq çətin olacaq: “İş yeri alternativi olsa, insanlar öz adının qarşısına əlil ifadəsini yazdırmaq istəməz”.
Deputat dedi ki, əlillərin sayı yol qəzaları, tikintidəki hadisələr nəticəsində və anadangəlmə olur. Amma bu məsələlərlə bağlı ayrıca müzakirələrin keçirilməsini müşahidə etmirik. Mənim Atatürk liseyində pulsuz təhsil alan övladıma birinci sinifdə süd verirdilər. Bunun səbəbini araşdırdım. Bəlli oldu ki, bu, uşaqların sümüklərini möhkəmləndirmək üçündür. Sonra bildik ki, Avropa ölkələrində ilkin yaşlarda uşaqlara müxtəlif qidalar verilir”.
İclasa sədrlik edən birinci vitse-spiker Ziyafət Əsgərov bu məsələ ilə bağlı maraqlı təklif verdi: “Əlilliyin müəyyən edilməsində ortaya çıxan çatışmazlıqlarla bağlı uzun müddətdir fikirlər səslənir, problemlərdən bəhs olunur. Gəlin, bu məsələni birdəfəlik ASAN Xidmətə verək, nazirliyin də canı qurtarsın, süründürməçilikdən də bizim həmkarlarımız xilas olsun. Əgər ASAN Xidmətin texniki imkanları varsa, bunu onalra həvalə edək, məsələ bitsin, dövlətimizin də faydasına olsun, vətəndaşlarımızın da”.
889 dəfə oxundu