Prezident səhiyyə nazirinin izahatını inandırıcı saymadı - "Məndə olan məlumata görə, bu, həqiqətə uyğun deyil"
“Bəzi xəstəxanalarda generatorlar işləməyib. Ya olmayıb, ya qoşulmayıb, ya da ki, işlək vəziyyətdə olmayıb". Bunu prezident İlham Əliyev ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar keçirilən müşavirədə bildirib.
Dövlət başçısı bildirib ki, strateji obyektlərdə generatorların quraşdırılması məsələsinə baxmaq lazımdır: “İlk növbədə xəstəxanalarda və metroda. İndi səhiyyə naziri məruzə edir ki, bütün xəstəxanalarda generatorlar işləyib. Məndə olan məlumata görə, bu, həqiqətə uyğun deyil”.
İlham Əliyev bildirib ki, bu məsələ ilə bağlı ciddi təftiş aparılmalıdır: "Bütün ölkə üzrə xəstəxanalarda generatorların mövcudluğu və onların işlək vəziyyətdə olması haqqında həm Dövlət Komissiyasına, həm də mənə məruzə etməlisiniz. O ki qaldı, metropolitenə, bildiyimə görə, metropolitendə ümumiyyətlə generatorlar mövcud deyil. Bu da acınacaqlı faktdır.
Tezliklə təkliflər verin ki, metroda, bütün stansiyalarda generatorlar olsun və enerjidə hər hansı problemlər yarandıqda insanlar əziyyət çəkməsin. Hesab edirəm ki, komissiya öz işini tezliklə yekunlaşdıracaq və təkliflər hazırlayıb mənə təqdim edəcək".
Qeyd edək ki, müşavirədə çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev bildirib ki, Mingəçevir İES-də baş vermiş qəza nəticəsində ölkənin elektik enerji təzhizatında yaranmış məhdudiyyətlə bağlı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə 2130 çağırış olub: “220 nəfər xəstəxanaya aparılıb. Metrostansiyaların qarşısına təcili yardım briqadaları yerləşdirilib. Ümumilikdə 19 nəfər müraciət edib, onlardan 6-sı xəstə olduğundan xəstəxanaya aparılıb. Ölkədə baş verən son hadisədə ölüm hadisəsi qeydə alınmayıb”.
763 dəfə oxundu