BŞİH-dən sinaqoqun yaxınlığındakı söküntüylə bağlı - Açıqlama
Bakı Şəhər İcra Hakimiyyəti Dağ Yəhudilərinin sinaqoqunun yaxınlığında aparılan söküntü işləri ilə bağlı açıqlama yayıb.
Xəbərə görə, meriya tərəfindən Rəsul Rza küçəsində, Dağ Yəhudilərinin sinaqoqunun yaxınlığında bir neçə köhnə, qəzalı tikililərin söküntüsü aparılır. Bu sinaqoq Dağ Yəhudiləri icması üzvlərinin xahişləri nəzərə alınaraq inşa olunmuş, ölkəmizdəki və xaricdəki Yəhudi icmalarının böyük minnətdarlığı ilə qarşılanıb.
Hazırda sinaqoqun yaxınlığındakı Rəsul Rza küçəsi 40 ünvanında mövcud 3 mənzilin söküntüsü həyata keçirilir. Onlardan biri qəzalı vəziyyətdə olan 2 otaqlı mənzil uzun illər xaricdə yaşayan vətəndaşa və həmin mənzilin 1 otağı isə bu sinaqoqun ravvini Moşe Kuşona məxsusdur. Mənzil mülkiyyətçiləri ilə danışıqlar aparılıb, onlara mövcud qanunvericiliyə uyğun olaraq, mülkiyyət sənədləri təqdim olunduqdan sonra alqı-satqı müqaviləsinə uyğun, Maliyyə Nazirliyi tərəfindən müəyyən olunmuş miqdarda kompensasiya vəsaitinin onlar üçün açılacaq hesaba keçiriləcəyi barədə izahatlar verilib.
Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Dağ Yəhudiləri icması rəhbərliyi və üzvlərinin xahişləri əsas götürülərək sökülən tikililərin hesabına məbədin ümumi memarlıq ansanblının sahəsinin genişləndirilməsi və burada digər dini ayinlərin yerinə yetirilməsi üçün istifadə olunacaq köməkçi məbəd tikilməsi nəzərdə tutulub.
697 dəfə oxundu