Metrolarda səyyar maska satılacaq
"Tibbi maskadan istifadəyə görə cərimə tətbiqi Bakı Metropoliteninin səlahiyyətində deyil”. Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov bildirib.
Z.Hüsüynov qeyd edib ki, qərar veriləcəyi təqdirdə sərnişinlərin cərimələnməsini Bakı Metropoliteni nəzdindəki polis şöbəsi yerinə yetirəcək. Onun sözlərinə görə, 25 metro stansiyasının 17-də aptek var:
“Qalan stansiyalarda da səyyar maska satışı təşkil olunacaq. Eyni zamanda apteklərin səhər saat 6.00-da açılmasını xahiş etmişik. Sərnişinlərdən xahiş edirik ki, maskanı səhər saat 6.00-da deyil, qabaqcadan əldə etsinlər”.
“Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisi Əlixan Osmanov əlavə edib ki, metro ərazisində fəaliyyət göstərən apteklər kifayət qədər maska ilə təmin olunacaq:
“Biz xahiş etmişik ki, apteklər kifayət qədər maska ilə təchiz olunsun ki, sərnişinlər çətinlik çəkməsinlər. Sərnişinlərdən də xahiş olunur ki, maskaları səhər saat 6-da deyil, öncədən alsınlar”.
662 dəfə oxundu