3 ay keçib, amma şəhid məzarları bu haldadır - VİDEO

"Yeni Müsavat" Media Qrupunun Beyləqana ezam olunan əməkdaşları xəbər verir ki, Vətən Müharibəsinin ilk günlərindən bu məzarlıqda şəhidlərimiz dəfn edilsə də onların baş daşları hazır edilməyib.
Bu qəbiristanlıqda ilk olaraq sentyabrın 29-da şəhidlərimizdən biri dəfn edilib. Kəndin 14 şəhidindən 12-si bu məzarlıqda dəfn edilib. İki şəhidimizin məzarı isə başqa kənd və qəsəbədədir.
4 aya yaxın bir vaxt keçməsinə baxmayaraq bu qəbiristanlıqda heç bir şəhidin məzarı hazır edilməyib. Hətta doğru-düzgün xatirə lövhəsi belə hazırlanmayıb, üç rəngli bayrağın sancılması üçün dirəklər də basdırılmayıb. Kadrlarda gördüyünüz bütün işlər şəhid ailələrinin, yerli sakinlərin hesabına edilib.
Qəbiristanlığa aparan bir neçə kilometrlik yol da keçilməz və bərbad vəziyyətdədir. Qəbiristanlığın içərisindəki yol isə şəhidlərimizdən birinin əmisi tərəfindən təmir olunub, çınqıl daşlar tökülüb ki, ən azından məzarları ziyarət edənlər piyada olaraq hərəkət edə bilsin.
Kənd ərazisində asılan müxtəlif xatirə lövhələri, tikilən bulaq, avtobus dayanacağı da şəhid ailələrinin öz təşəbbüsüdür.
Şəhid ailələri ilə danışığımız zamanı məlum olur ki, onlara məzarların özləri tərəfindən hazırlanmaması icra ünmayəndəsi tərəfindən məsləhət görülüb.
Məsələ ilə bağlı Birinci Şahsevən kənd icra nümayəndəsi Seymur Hacıyevlə əlaqə saxladıq.
Seymur Hacıyev bildirdi ki, şəhid ailələrinə məzar daşlarının hazırlanmaması ilə bağlı heç bir söz deməyib. O qeyd edib ki, sadəcə şəhid ailələrinə eyni formada baş daşlarının hazırlanması ilə bağlı təklif irəli sürüb.
Seymur Hacıyev əlavə edib ki, istənilən vaxt ailə üzvləri baş daşlarını istədikləri kimi hazırlatdıra bilərlər.
İcra nümayəndəsi deyir ki, hava şaxtalı olduğu üçün indiki zamanda baş daşlarının hazırlanması çətin olacaq. Çünki beton çatlaya, yararsız vəziyyətə düşə bilər.
Seymur Hacıyevdən soruşduq ki, şəhid ailələri ilə danışıq aparıb bu işi nə zaman görə biləcəkləri barədə məsləhətləşiblərmi? İcra nümayəndəsi bu suala "yox" cavabını verdi.
Yaranan problem göz qabağındadır. Belə görünür ki, məsuliyyət şəhid ailələrinin üstünə atılır. Onlar öz başlarının çarəsinə baxmalıdır...
652 dəfə oxundu