İlbəil azalan istehsalımız: Yerli avtomobillərə maraq niyə azdır? – AÇIQLAMA

İlbəil azalan istehsalımız:

2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 216 ədəd və ya ötən ilin müvafiq ayı ilə müqayisədə 55% az minik avtomobili istehsal olunub.

Bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb.

Belə ki, 01.03.2021-ci il üzrə hazır məhsul ehtiyatı 169 ədəd, 01.02.2021-ci il vəziyyətinə görə isə hazır məhsul ehtiyatı 213 ədəd təşkil edib.

Yanvar ayında Azərbaycanda traktor istehsal edilməyib. Fevral ayında Azərbaycanda 51 ədəd traktor istehsal olunub. 01.03.2021-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 120 ədəd, traktorlar üzrə 01.02.2021-ci il tarixinə hazır məhsul ehtiyatı 98 ədəd təşkil edib.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda 1949 ədəd və ya 2019-cu illə müqayisədə 411 ədəd az minik avtomobili, 300 ədəd və ya 2019-cu illə müqayisədə 66.9% az traktor istehsal olunub.

Qeyd edək ki, Azərbaycanda minik avtomobilləri Neftçala və Naxçıvanda, traktorlar isə Gəncədə istehsal edilir.

Ölkəmizdə avtomobil istehsalı göstəricisinin ilbəil aşağı düşməsinin səbəbi nədir?

İqtisadçı Razi Abbasbəyli Cebhe.info-ya açıqlamasında bildirib ki, ümumiyyətlə, Azərbaycanda avtomobil istehsal olunmur, quraşdırılır:

“Bu İran İslam Respublikasından alınmış müəyyən hissələrin Azərbaycanda qablaşdırılması, istismar səviyyəsinə çatdırılması formasındadır. Bunun əsas istehlakçıları isə hüquqi şəxslər, dövlət qurumları, büdcədən maliyyələşən təşkilatlardır. Xidməti avtomobillərin alımasında yerli istehsalın stimulaşdırılması məqsədilə büdcə təşkilatlarına öhdəlik qoyulub. Yəni istehlakçı da dövlətdir. Bu da avtomabillərin rəqabət imkanlarını sıfıra endirir”.

Bu amil də nəzərə alınmaqla mövcud azalmaya gəldikdə, Razi Abbasbəyli bildirir ki, bir dövlət şirkəti xidməti avtomabil alırsa, onu ən azı 5 il müddətində istismar etməlidir:

“Avtomabil ildə bir dəfə alınmadığından, ola bilsin ki, şirkətlər üzərlərinə düşən öhdəlik üzrə avtomobilləri alıblar və tələb aşağı düşüb. Gündəlik olaraq tələbatı dəyişən daxili bazardır, yəni hüquqi şəxslər yox, bütün əhali”.

İqtisadçı bildirir ki, sözügedən avtomobillərin keyfiyyəti ilə bağlı narazılıqlar var:

“Onların hansı beynəlxalq standarta uyğun olması suallar yaradır. Bu yalnız daxili bazar üçün hesablabmış bir fəaliyyətdir, nəticə etibarı ilə də dövlət sifarişləri aşağı olduqca, istehsal da aşağı düşür. Bütün hallarda bu Azərbaycanda minik avtomobili və ya kənd təsərrüfatı texnikası istehsalına yanaşmanın heç də uğurlu olmadığını ortaya qoyur. Burada açıq bazarın yaradılması, rəqbət qabiliyyətinin yüksəldilməsi, istehlakçı qismində təkcə hüquqi şəxslərdə deyil, həm də fiziki şəxslərdə maraq yaradılması bu marketinqdə qəbul olunmuş normadır”.

Razi Abbasbəylinin sözlərinə görə, Azərbaycanda bəzi taksi şirkətləri Özbəkistanda yığılmış Koreya istehsalı olan avtomobillərə üstünlük verirlər:

“Bunun səbəbləri də geniş təhlil olunmalıdır. Azərbaycanın daxili bazarını inkişaf etdirmək olar, amma burada yalnız inzibati üsulların tətbiq olunmasının bu sahəni tənəzülə uğratdığının fərqində olmalıdırlar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
870 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...