İrəvandan Moskvaya müəmmalı səfərlər

Rusiya Ermənistana təzə ordu qurur? - iki rəy
Ermənistanın müdafiə naziri Arşak Karapetyan avqustun 10-da Rusiyaya gedib. Ermənistan müdafiə nazirinin rusiyalı həmkarı Sergey Şoyqu başda olmaqla, Rusiyanın yüksək çinli hərbçiləri ilə görüşüb. Rusiya müdafiə naziri Şoyqu Moskvada Ermənistanın müdafiə naziri Karapetyanla görüşdə deyib ki, Ermənistan Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində Moskvanın müttəfiqi və əsas tərəfdaşıdır. Şoyqu həmçinin qeyd edib ki, Rusiya Ermənistan silahlı qüvvələrini modernləşdirəcək, yeni ordu quracaq, orduda islahatlar keçirəcək.
Yada salaq ki, Karapetyan cəmi 2 həftə əvvəl - iyulun 27-də Ermənistan müdafiə nazirinin birinci müavini kimi Moskvada olmuşdu. Avqustun 9-da isə o, KTMT-nin (“Rus NATO-su”) baş katibi Stanislav Zasla İrəvanda görüşüb. Görüşdən bir gün sonra onun Rusiya paytaxtına yollanması da diqqət çəkən başqa nüansdır.
KTMT Baş katibinin səfəri - İrəvanın baş tutmayan təxribatı - ŞƏRH
Nə baş verir? Tərəflər arasında ən yüksək səviyyədə hərbi təmasların artması hansı zərurətdən doğub, olmaya Rusiya Ermənistan ordusunu təzədən qurur?
AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, regionda Rusiyanın forpostu olaraq mövcud olan Ermənistan adlı qondarma dövlət tarixən Rusiya tərəfindən yaradıldığı kimi, daimi olaraq bu dövlətin himayəsində olub: “Ermənistan ordusu da, bu ordunun silahlanması və bütünlükdə təchizatı da Rusiya tərəfindən formalaşdırılıb. Bu proses indi də davam edir. Son günlər sərhəddə baş verən gərginliklərdə də erməni məkri olmaqla yanaşı, Rusiyanın erməni tərəfə növbəti dəfə havadarlıq etməsi amili yox deyil. Bu gün Qarabağın ”sülhməramlı" adlandırılan rus hərbçilərinin məsuliyyət dairəsi hesab olunan ərazisində erməni hərbi birləşmələrinin mövcudluğu da 10 noyabr Bəyannaməsinin 4-cü bəndinə zidd olmaqla Rusiyanın yumşaq desək, buna məqsədli şəkildə göz yumması nəticəsində mümkün olub. Görünən odur ki, xüsusilə də son dövrdə erməni tərəfi öz havadarlarının dəstəyindən ruhlanaraq sərhəddə atəşkəsi pozmaqla əlavə gərginlik yaradır və bu gərginlik fonunda KTMT-yə müraciət edərək bu qurumun hərbi dəstəyindən yararlanmaq istəyir.
Arzuxan Əlizadə: Azərbaycan bu situasiyadan məharətlə istifadə etməlidir
Ermənilər o dərəcədə qudurublar ki, Rusiya tərəfini və eyni zamanda KTMT üzvlərini şantaj etməkdən belə çəkinməyərək bu qurumun prosesə müdaxilə etməyəcəyi təqdirdə ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ölkələrin hərbi kontingentini bölgəyə dəvət edəcəkləri barədə məsuliyyətsiz bəyanatlar verməkdən də çəkinmirlər. Digər tərəfdən, erməni müdafiə naziri nəzarətində olan hərbi hissələrə xəbərdarlıq etmədən Azərbaycan əsgərinə atəş açmaq barədə heç bir əndazəyə sığmayan məsuliyyətsiz əmr verir. Və bütün bunlar o ərəfədə baş verir ki, növbəti aydan etibarən KTMT-yə sədrlik rotasiya qaydası ilə Ermənistana keçəcək.
Təbii ki, baş verənlər fonunda bölgədə yenidən ciddi qarşıdırmanın yaranacağı ehtimalı Rusiya tərəfini də narahat etməyə bilməz. O səbəbdən KTMT Baş katibi Stanislav Zas Ermənistana səfər edib, həmçinin yeni təyin olunan erməni müdafiə naziri Moskvaya çağırılıb. Keçirilən görüşlərdə bu məsələlərin də müzakirə edildiyi şübhəsizdir. Rusiyanın Ermənistan ordusunu yenidən qurmaq istədiyi barədə hələ bir müddət əvvəl rusiyalı general tərəfindən açıqlama verilmişdi. Rusiyada bir sıra siyasi hərbi dairələr buna çalışır".
AMİP sədrinin sözlərinə görə, bütün bu baş verənlərin fonunda biz heç bir halda unutmamalıyıq ki, Rusiyanın 102-ci hərbi bazası Ermənistanda dislokasiya olunub, bu iki dövlət arasında hərbi müttəfiqlik sazişi mövcuddur, Rusiya erməni tərəfinə açıq, eyni zamanda pərdəarxası ən yüksək səviyyədə dəstək verir və bunu etməkdə davam edəcək: “Təsadüfi deyil ki, artıq Azərbaycan Müdafiə Nazirliyi də rus ”sülhməramlılarına" mövcud durumla bağlı xəbərdarlıq edib. Hesab edirəm ki, yaranmış vəziyyətdə belə xəbərdarlıqları intensivləşdirmək və 10 noyabr Bəyannaməsinin müddəalarına əsaslanmaqla erməni hərbi birləşmələrinin Azərbaycanın suveren ərazisindən qeyd-şərtsiz və təxirəsalınmadan çıxarılmasına nail olunmalıdır. Xəbərdarlıqlar nəticəsiz qalacağı təqdirdə isə Azərbaycan öz ərazilərində antiterror əməliyyatları keçirmək hüququnu reallaşdırmalıdır. Neçə ki, bunu etməmişik, regionda dayanıqlı sabitliyə nail olmaq mümkün olmayacaq. Biz darmadağın etdiyimiz Ermənistan ordusunun yenidən qurulmasının da Ermənistan üçün xilas yolu olmayacağını sübut etməliyik".
Gəncəyə raket atılması Qərbin maraqlarına ZƏRBƏDİR - Politoloq Məhəmməd Əsədullazadə
Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə isə bildirdi ki, Moskva Ermənistanın yeni müdafiə nazirini Rusiyaya nə qədər bağlı olduğunu yoxlamaq üçün dəvət edib: “Rusiya çalışır ki, Ermənistanda məhz onun marağını müdafiə edən şəxslər güc strukturlarına rəhbərlik etsin. Şoyqu açıq şəkildə bildirib ki, Ermənistan ordusunu yenidən qurmaq, modernləşdirmək planları var. Bundan başqa, görünür, görüş çərçivəsində Sergey Şoyqu tərəfindən Arşak Karapetyana müəyyən təlimatlar verilib. Görüş fonunda ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyi də istisna deyil. Şoyqu Ermənistanın əvvəlki müdafiə naziri Arutyunyanla demək olar, hər həftə danışaraq, ona öz təlimatlarını verirdi. Anlaşılan odur ki, Arutyunyan kimi Karapetyan da eyni şəkildə təlimatlandırılacaq və əvvəlki tək Ermənistan ordusu birbaşa Rusiyanın kurasiyasında olacaq. Ermənistan ordusunun maddi-texniki təminat və təchizatı yenidən Rusiya tərəfindən təmin ediləcək. Habelə, Ermənistan Baş Qərargahının formalaşması və burada Rusiyaya yaxın zabitlərin təyin olunması da müzakirə predmeti olacaq. Kreml bu məsələdə İrəvana heç bir güzəştə getmək istəmir. Şoyqunun verdiyi təlimatları İrəvan qəbul etməsə, Rusiya Paşinyan hakimiyyətinə ciddi təzyiqlərə başlayacaq, ordusunun qurulmasına hər hansı bir dəstək verməyəcək. Ermənistan Müdafiə Nazirliyi əvvəlki kimi yenə də Rusiyanın bir bölməsi kimi fəaliyyət göstərməkdə davam edəcək. Azərbaycan baş verənləri diqqətlə izləməli və Ermənistan ordusunu növbəti dəfə çökdürməyə ciddi hazırlaşmalıdır”.
476 dəfə oxundu