Xarici bazara çıxan məhsullar susuzluqdan məhv olur - ARAŞDIRMA + VİDEO
Kürdəmir rayonunda fermerlər məhsullarını suvara bilmir.
Bu barədə Oxu.Az-a Kürdəmir rayonu, Muğanlı kəndində təsərrüfat sahəsi olan Qüdrət Məmmədov bildirib.
Onun sözlərinə görə, kənd ərazisində yerləşən nar bağlarını suvara bilmirlər:
“Hazırda narın suvarılma dövrüdür. Kəndə Yuxarı Şirvan kanalından su gəlsə də, biz sahələrimizi suvara bilmədiyimiz üçün nar təsərrüfatımız məhv olmaq üzrədir. Bildiyiniz kimi nar məhsulu elədir ki, xarici bazarlara çıxarılır və ölkəmizə maliyyə cəlb edir.
Amma bu cür süni maneələr nəticəsində bu il də heç bir məhsulu satışa çıxara bilməyəcəyik. Ötən il də bu cür hal yaşandı və mənim 365 hektar təsərrüfatım məhv oldu. Eyni zamanda, bizim təsərrüfatın yanında 50 və 60 hektar narçılıq təsərrüfatı olan insanlar da var. Onlarda da eyni hal yaşandı”.
Q.Məmmədov bildirib ki, təsərrüfata sərmayə qoymaq üçün kredit götürdükləri banklara ödənişləri ödəyə bilmirlər:
“Suyun olub-olmamasını yoxlamaq üçün gecə-gündüz 22 kilometrlik kanalın yolunda qalmışıq. Bizim Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə rəsmi müqaviləmiz var və ayda 912 manat pul ödəyirik. Amma kənd ərazisində süni maneələr yaradıldığı üçün məhsulumuz batır.
ASC-nin Kürdəmir Suvarma Sistemləri İdarəsinə müraciət etsək də, idarə müdiri bizim şikayətimizə məhəl qoymur. Deyirlər ki, Yuxarı Şirvan kanalında su yoxdur, halbuki sizə təqdim etdiyim videoda kanalda suyun olduğunun şahidi ola bilərsiniz”.
VİDEO:
Məsələ barədə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov saytımıza açıqlamasında bildirib ki, respublikamızda nar bağlarının ümumi sahəsi rəsmi olaraq 22 700 hektar təşkil edir:
“Narçılığın geniş yayıldığı ərazilər Mil, Muğan, Aran və Dağlıq Şirvanın aşağı hissəsidir. Qeyd edim ki, həyətyanı sahələrdə də bu rəqəm minlərlə hektarın üzərindədir, lakin rəsmi dövlət statistikasında qeyd olunmayıb.
Hər il narçı fermerlər olaraq Azərbaycan narının ixrac potensialının artırılması, dünya bazarında layiqli təmsil olunması istiqamətində əlimizdən gələni edir, milli sərvətimizi layiqincə təşviq etməyə çalışırıq.
Lakin ixrac rəqəmlərimiz və ümumi vəziyyət heç də qənaətbəxş deyil. Təbii ki, burada bir sıra mühüm amillər mövcuddur. Hazırkı vəziyyətdə fermerlərimizin böyük bir hissəsi su çatışmazlığından ciddi şəkildə əziyyət çəkir”.
F.Qaraşov bildirib ki, Aran iqtisadi zonasında suvarma ilə bağlı olan problem artıq fermerlərin böyük maliyyə sıxıntısı ilə üzləşməsinə gətirib çıxarıb:
“Bizə daxil olan çoxsaylı müraciətlər, ümumi yığıncaqlarımızda səsləndirilən şikayətlər nəticəsində biz su problemini bir neçə dəfə qabartmışıq. Amma regionlarda ədalətsiz su bölgüsünün aparılması, süni yollarla su kanallarının qarşısının kəsilməsi halları təəssüf ki, hələ də davam edir.
Narın yığım müddətinə qədər olan son bir ay ərzində suyun kəsilməsi ümumi istehsalın kəskin azalmasına səbəb ola bilər. Narçı fermerlərimiz tərəfindən kanallarda aparılan müşahidələr, fotolar, video çəkilişlər nəticəsində suyun olmaması faktı öz əksini tapıb. Belə ki, bu müşahidələr suyun bol olduğu halda belə, qarşısının süni yollarla kəsilərək başqa istiqamətə yönləndirilməsini bir daha sübut edir”.
Sədr qeyd edib ki, fermerlər müəyyən maliyyə öhdəlikləri götürərək məhsullarını bu günə qədər yetişdirməyə çalışıblar, lakin su problemi onları gələcəkdə ciddi maliyyə sıxıntısı ilə üzləşdirəcək:
“Daxil olan şikayətlər arasında region olaraq Saatlı rayonunda 15 kənddə iyun ayından etibarən su problemi mövcuddur. 300 fermer məhsulunu istədiyi kimi yetişdirə bilmir. Həmçinin Sabirabad rayonunda altı kənd üzrə 150 fermer, Hacıqabul rayonunda doqquz kənd üzrə 700 fermer, Göyçay rayonu, xüsusən Bığır kəndinin aşağı hissəsində 700 ailə təsərrüfatı, Ucar rayonunda 10 kənd üzrə 110 fermer, Kürdəmir rayonu üzrə 16 kənd və üç böyük təsərrüfat, İmişli rayonunda isə beş kənd üzrə 74 narçı fermer suyun olmamasından əziyyət çəkir.
Qeyd edim ki, adı çəkilən ərazilərdə narçılıq əhalinin əsas məşğuliyyət sahələrindən biridir və belə desək, dolanışıqlarını bu yolla təmin edirlər. Bizə daxil olan müraciətləri və ən əsası narçılığın bu ciddi probleminin həll olunması istiqamətində artıq rəsmi olaraq Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılova yazılı olaraq müraciət etmişik. İnanırıq ki, qısa zamanda bu problem öz həllini tapacaq”.
Kürdəmir Suvarma Sistemləri İdarəsinin rəisi Rövşən Xələfovun sözlərinə görə, sözügedən ərazi vaxtaşırı su ilə təmin olunur:
“Hazırda su ilə bağlı çətinliklər var. Çalışırıq ki, suyu növbəli şəkildə fermer təsərrüfatlarına verək. Dünən gecədən həmin əraziyə baxış keçirmişik və hazırda ora su verilir”.
R.Xələfov qeyd edib ki, Azərbaycan az sulu ölkələrdən biridir:
“Yağıntının az olması su ilə bağlı problemlər yaradır. Ərazi üzərində vətəndaşların 1 500 hektara yaxın nar bağı var. Biz də çalışırıq ki, onların məhsullarının suvarılması üçün bu problemi həll edək”.
Qeyd edək ki, 2020-ci il Azərbaycanda nar istehsalı ümumi 182 min ton təşkil edib. Ötən il ümumi istehsalın 12 faizə yaxın miqdarında ixrac edilib. Keçən il 19 min ton nar ixrac edilib ki, həmin məhsulun da dəyəri 25 milyon ABŞ dolları olub.
775 dəfə oxundu